Sizinxeber.Az

Nazir: Bu ssenarinin bütün nəticələri erməni tərəfinin üzərinə düşür

0 1

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun 3-cü iclasında iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov bildirib ki, münaqişənin başlamasından 25 ildən çox vaxt keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələblərinə və BMT Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla, Azərbaycan ərazilərinin işğalını davam etdirir: 

“Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda, nəticələrə yönələn danışıqları aparmaqdan imtina edir, vəziyyəti gərginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir. Bu yaxınlarda Ermənistandakı hərbi diktatura rejimi devrildi və ölkənin rəhbərliyi dəyişdi. Yeni rəhbərlikdən ilkin gözləntilər fəaliyyətin bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulması idi.

Təəssüf ki, yeni rəhbərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı. 26 sentyabrda Nyu-Yorkda erməni həmkarımla görüşüm baş tutacaq. Ermənistanda davamlı qeyri-sabit daxili siyasət yürüdüldüyü və bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirinin sonuncu bəyanatları və əməlləri vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirmək niyyəti daşıyır. Bu mənfi ssenarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərinə düşür”.

Nazir qeyd edib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupu təşkilatın münaqişə üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçirilir: 

“Bu qrup çərçivəsində tərəfimizdən işlənib hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrası üçün İƏT-ə təqdim olunmalıdır. İƏT-in Ermənistan-Azərbaycan münaqişəsi üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirdikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyənləşdirmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT-in baş katibi tərəfindən irəli sürüləcək”.

E. Məmmədyarov həmin təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Şərhlər
Loading...