Sizinxeber.Az

Putin və Ərdoğanın gizli Qarabağ müzakirələri – Şərh

0 1

Dağlıq Qarabağ məsələsi Rusiya-Türkiyə münasibətlərinin mühüm bir halqasını təşkil edir.

Bu sözləri Axar.az-a Bakı və Ankaranın İdlib anlaşması əvəzində Moskvadan Dağlıq Qarabağı alacağı ilə bağlı erməni mətbuatında yer alan iddialara münasibət bildirən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq erməni mətbuatında Dağlıq Qarabağla bağlı iddiaların yer almasının səbəblərinə işıq salıb:

“Birincisi, Qarabağ klanı bu cür vasitələrlə Paşinyanı öz siyasətini dəyişdirməyə məcbur etmək istəyir. Məqsəd isə təbii ki, dolaşıq xarici siyasət yürüdən Paşinyanı Ermənistan ictimaiyyəti qarşısında hörmətdən salmaqdır. İkincisi, ermənilər tarixi və 1920-ci illərdəki hadisələri çox yaxşı xatırlayırlar. Həmin dövrdə Rusiya ilə Türkiyə bir-birinə çox yaxın olub və bunun nəticələri hamıya bəllidir. Ermənistan da hazırda məhz bu tarixi analogiyadan çıxış edərək belə iddialar yayır”.

Politoloq bununla belə reallıqda Putinlə Ərdoğan arasında Qarabağla bağlı danışıqların getdiyini, sadəcə, təfərrüatların gizli saxlanıldığını bildirib:

“Dağlıq Qarabağ məsələsinin hansı şəkildə Azərbaycanın lehinə həll olunacağının detallarını hələ heç kəs bilə bilməz. Əslində, bu, Rusiya-Türkiyə münasibətlərinin mühüm bir halqasını təşkil edir”.

Politoloq Türkiyə-Rusiya yaxınlaşmasının Azərbaycanın xeyrinə olduğunu bildirib:

“Bu yaxınlaşma Qarabağ məsələsində Azərbaycanın mövqeyini xeyli gücləndirir. Çünki Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətləri çox yüksək səviyyədədir. Azərbaycan prezidentinin türk və rus liderləri ilə şəxsi münasibətləri də olduqca yaxşıdır. Əlbəttə ki, bu da özlüyündə konfliktin həllinə aparan yollardan biridir”.

Qeyd edək ki, Ermənistanın “Lragir” saytı İdlib razılaşması əvəzində Bakı və Ankaranın Dağlıq Qarabağı Moskvadan alacağını iddia edib.

 

Şərhlər
Loading...