Dünya şöhrətli azərbaycanlı professor açıq-aşkar Baləliyə uduzur - Deputat » Sizinxeber.az - Azərbaycan Xəbərləri
12 
Haz
2024
16:39

Dünya şöhrətli azərbaycanlı professor açıq-aşkar Baləliyə uduzur - Deputat

12 Haz, 2024
16:39
2 843

Dünya şöhrətli azərbaycanlı professor açıq-aşkar Baləliyə uduzur - Deputat

Millət vəkili Fazil Mustafa ötən həftə ABŞ-də vəfat edən dünya şöhrətli azərbaycanlı professorla meyxanaçı Baləliyə olan münasibəti müqayisə edərək məyusluğunu ifadə edib.

Ölkə.Az xəbər verir ki, deputat S.Cavadovun fəaliyyəti barədə xatırlatma edib:

"Oxudum və kədərləndim. Bir alimin ölümündən böyük hansı itki ola bilər? Səbzəli Cavadov xaricdə vəfat edib. 64 yaşında. 1993-2003-cü illərdə Azad Mirzəcanzadə epoxasının Ali Attestasiya Komissiyasının sədr müavini olub. Tibb Universitetinin professoru, Tibb elmləri doktoru olub.  Böyük Britaniya Kral Cəmiyyətinin üzvü seçilib. 2009-cu ildən ABŞ Puerto-Riko Universitetinin Tibb fakultəsinin professoru və labaratoriya direktoru olub. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9 min dəfədən çox istinad edilmişdir. Patentləri, elmi məqalələri nə qədər desən. Ruhu şad olsun!

Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir.
Şübhəsiz ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95%-i heç azərbaycanlı deyil". 

Millət vəkili sözlərinə belə davam edib:

"Qəribədir ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı, həm də uğurlu meyxana ustası Baləli yetişdirir. Səbzəli və Baləli. Əslində, adlar meyxana qafiyyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Baləlinin "Trendyol"un açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib və bunların 900 mini rəy yazaraq öz sevgisini izhar edib. Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-da uğurlu insan Səbzəli, Azərbaycanda isə Baləli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Baləli müəllimə də can sağlığı!"

Bizimlə əlaqə saxlayın