Sizinxeber.Az

Ət istehsalı artıb: Bəs əhali nə qədər ət yeyir? – VİDEO

0 1

Hər bir insanın sağlam yaşaması üçün onun yetərli miqdarda karbohidrat, yağ və protein qəbul etməsi önəmlidir. Beynəlxalq araşdırmalara görə, bədən çəkisinin bir kiloqramı üçün təqribən 0.8-1.4 qram arası protein istehlak edilməlidir.

İnsan üçün zəruri olan proteinin 42%-nin heyvan mənşəli məhsullarda olduğu irəli sürülür. Bu məhsulların başında ət gəlir.

Rəqəmlərə inansaq, Azərbaycan ilbəil ət istehlakı, istehsalı və idxalını artırıb. Bu, həm əhalinin sayı, həm də gəlirlərin yüksəlməsi ilə izah edilir.

Əgər 2007-ci ildə Azərbaycanda 218,7 min ton kəsilmiş çəkidə ət istehsal edilmişdisə, 2017-ci ildə bu rəqəm 316,8 min ton olub. Ətin növləri üzrə istehsala gəlincə, ötən il 132,9 min ton mal, 79,1 min ton qoyun və keçi, 104,3 min ton quş əti (kəsilmiş) istehsal edilib.

Cari ilin yanvar- iyul aylarında bu rəqəm 180,8 min ton ət (quş əti daxil olmaqla) olub. Bu da 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3 faiz artım deməkdir.

İdxal artır

İdxalın həcmi, eləcə də, ət məhsullarının ümumi idxala olan nisbəti aşağı deyil. DSK-nin məlumatlarına görə, 2016-cı ildə ümumi ət və ət məhsulları üzrə Azərbaycanın idxaldan asılılıq səviyyəsi 12.1% olub ki, bu da əvvəlki illə (5.6%) müqayisədə iki dəfədən çox artım deməkdir

Konkret olaraq, cari ilin yanvar-iyun aylarında ölkəyə 16718,1 min dollar dəyərində 15132,0 ton quş əti, 12140,6 dollar məbləğində 4008,4 ton iribuynuzlu heyvan əti idxal edilib.

Düzdür, 2017-ci ilin yanvar-iyun aylarına nisbətən quş əti idxalı 3,2, mal əti 25,8 faiz azalıb. Ancaq bu azalma mövsümi xarakter daşıyıb. Ən əsası, ət məhsullarının ümumi idxala olan nisbəti azalmayıb.

Hesablamalarımız göstərir ki, hesabat dövründə iribuynuzlu heyvan ətinin bir kiloqramının idxal dəyəri 3 dollar, quş əti və ona əlavə məhsulların idxal dəyəri isə 1 dollar 10 sent təşkil edib.

Qeyd edək ki, Azərbaycan iribuynuzlu heyvan ətini, əsasən, Ukrayna, Hindistan, Belarus, Braziliya, Praqvay, Moldova, Almaniya, Bolqarıstan, ABŞ və Rusiyadan gətirir. Ötən il ərzində ölkəyə bu dövlətlərdən 9 milyon 222 min ton iribuynuzlu heyvan əti idxal edilib. Statistika göstərir ki, Azərbaycan ən çox mal ətini Ukrayna və Hindistandan alıb.

Quş əti və ona əlavə məhsullara gəlincə, əsas məhsul alışı bazarımız Ukrayna, Rusiya, Türkiyə, Belçika, Braziliya, ABŞ, Kanada, Gürcüstan, Polşa, İspaniya, Almaniya, Belarus və Fransadır. Azərbaycan bu ölkələr arasında yenə də ən çox quş əti və ona əlavə məhsulları Ukrayna və Rusiyadan idxal edib.

İstehlak rəsmi rəqəmlərdə 

Ölkə üzrə ət istehlakı ət məhsulları ilə birgə təsnifləşdirilib. Müxtəlif mənbələrə görə, son beş il ərzində ət və ət məhsulları istehlakı 4,7 faiz artıb. Bu, Dövlət Statistika Komitəsinin açıqladığı adambaşına illik ət məhsulları istehlakında özünü göstərir.

Belə ki, komitənin rəqəmlərinə görə, 2017-ci ildə ölkə üzrə adambaşına ət və ət məhsulları istehlakı illik orta hesabla 33,53 kiloqram təşkil edib.

Şəhər yerlərində bu rəqəm 33,70 kiloqram, kənd yerlərində 33,39 kiloqram təşkil edib. 2016-cı illə müqayisədə ölkə üzrə ət istehlakı artıb. Məlum olub ki, iqtisadi rayonlar üzrə ən çox Aran əhalisi ət istehlak edir. Bu bölgədə adambaşına illik ət istehlakı 34,2 kiloqramdır. İkinci sırada isə Bakı qərarlaşıb – 34,1 kiloqram.

İllər üzrə rəqəmlərin müqayisəsi göstərir ki, 2001-ci ildən ötən dövr ərzində  Azərbaycan əhalisi qida rasionunda ətin payını artırıb.

Belə ki, 2001-ci ildə adambaşına illik ət istehlakı 21 kiloqram idisə, 2002-ci ildə bu rəqəm 27,9 kiloqrama, 2003-cü ildə 29,1 kiloqrama çatıb. 2008-ci ildən isə illik istehlak 30 kiloqram həddini keçib.

Statistikada diqqəti çəkən məqam ev təsərrüfatlarının sayına görə ət istehlakıdır.

Məsələn, bir nəfərin illik adambaşına ət istehlakı 37 kiloqramdır. Ev təsərrüfatlarında say artdıqca, adambaşına düşən ət istehlakı da azalır.

Ev təsərrüfatlarının sayı 1 nəfərlik 2 nəfərlik 3 nəfərlik 4 nəfərlik 5 nəfərlik 6 nəfər və daha çox
Ət və ət məhsulları istehlakı 37,1 35,9 34,7 33,6 33,1 32,8

Qiymətlər qalxıb

Ət məhsullarının qiymətləri də yerində saymayıb. Bu, yerli istehsalın bahalaşması ilə paralel, məhsulun idxal dəyərinin artmasından qaynaqlanıb. Məsələn,  2016-cı ildə 5 257,9 ton mal ətinin idxal dəyəri 13 783,6 min dollar olubsa, 2017-ci ildə 9 255 ,4 ton ətin idxal dəyəri 26 472,6 min dollar təşkil edib.

Daxili istehlak bazarında isə 2016-cı ildə bu kateqoriya üzrə qiymət artımı 7,1 faiz, 2017-ci ildə 24,9 faiz təşkil edib. 2018-ci ilin yanvar-iyul aylarında  2017-ci ilin yanvar-iyul aylarına nisbətən ət məhsullarının dəyəri 1,1 faiz yüksəlib.

Konkret olaraq, paytaxtda “ət məhsulları” qrupu üzrə yanvar-iyul aylarında 0,3 faiz (Bakı Statistika İdarəsi) artım qeydə alınıb.

Hazırda paytaxt bazarlarında sümüklü dana əti 11 manat, sümüksüz 13-14 manat, qoyun əti 12 manat, İsmayıllı çolpası 7,5 manat, adi kənd çolpası 4,5 manat təşkil edir.

Əhali ət yeyə bilirmi? 

Əhali arasında keçirdiyimiz sorğu belə deməyə əsas verir ki, bir azərbaycanlı həftə ərzində 2-3 dəfə ət yeməkləri yeyir. Ət hələ də xalqımız üçün lüks qida növü hesab edilir.

Şərhlər
Loading...