Sizinxeber.Az

Elmar Məmmədyarov: Azərbaycan İslam ölkələrində sülh üçün səylərini əsirgəməyəcək

0 3

Elmar Məmmədyarov: Azərbaycan İslam ölkələrində sülh üçün səylərini əsirgəməyəcək
Coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. 

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 46-cı sessiyasında çıxışı zamanı səsləndirib.

“Coğrafiyamızdakı münaqişələrin sülh və qardaşlıq yolu ilə həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına, islamofobiyaya qarşı mübarizəyə yönələn birgə səylərimiz çox vacibdir. Bu baxımdan Azərbaycan İƏT-də təşkilatın ümumi səmərəliliyinin artırılması məqsədini güdən, xüsusilə münaqişələrin həllində vasitəçilik imkanlarının gücləndirilməsi məqsədini güdən islahatlar prosesinə böyük əhəmiyyət verir. 

Azərbaycan Respublikası Təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas Qrupları, o cümlədən Fələstin, Cammu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcək. Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq”, – deyə XİN başçısı bildirib.

Nazir Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək hüququnu möhkəmləndirəcək “G77 və Çin qrupu”nda rəsmi sədrliyə başlaması münasibətilə təbrik edərək bildirib:
 
“Azərbaycan bu məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyir. Bu Təşkilatı əmin etmək istərdim ki, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstində sülhə, eləcə də bütövlükdə İslam ölkələrində sülh, təhlükəsizlik və inkişafa daha da töhfə verilməsi üçün səylərini əsirgəməyəcəkdir”.

Şərhlər
Loading...