Sizinxeber.Az

“Gənc əsgər” hərbi hazırlıq layihəsinin təqdimatı olub

0 1

“Legion” hərbi vətənpərvərlər klubunun və Sabunçu Gənclər evinin birgə təşkilatçılığı ilə “Gənc əsgər” hərbi hazırlıq layihəsinin təqdimatı olub.

Sabunçu Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Türkiyə-Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, professor Telman Nüsrətoğlu, ehtiyatda olan polkovnik Zahid Teymurov, dünya çempionu Eldəniz Əzizli, Aprel qazisi Əhliyət Mehdiyev və gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış çıxışlarından sonra “Gənc əsgər” layihəsi təqdim edilib. Qeyd olunub ki, iki ay ərzində reallaşacaq layihə çərçivəsində gənclərin fiziki, intellektual, psixoloji, ideoloji cəhətdən hazırlıqlarına dair təlim və seminarlar keçiriləcək, hərbi hissələrə, muzeylərə və sərgilərə ekskursiyalar, hərbi və intellektual yarışlar təşkil ediləcək. Layihədə iştirak etmək istəyən gənclər Sabunçu Gənclər evinin internet səhifəsində onlayn qaydada qeydiyyatdan keçə bilərlər. Müraciətlərin dəyərləndirilməsindən sonra seçiləcək 25 nəfər “Gənc əsgər” hərbi hazırlıq layihəsinin iştirakçısı olacaq.

Şərhlər
Loading...