Evdə qeydiyyatda olan şəxsləri necə qeydiyyatdan çıxarmaq olar? – Vəkildən vacib açıqlama
Son illər vətəndaşların ən çox qarşılaşdığı hüquqi problemlərdən biri də mənzildə və ya fərdi yaşayış evində qeydiyyatda olan, lakin faktiki olaraq həmin ünvanda yaşamayan şəxslərlə bağlıdır. Xüsusilə ev satışı, kirayə, miras və digər hüquqi məsələlər zamanı belə qeydiyyatlar ciddi çətinliklər yarada bilir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən vəkil Kərim Bağırov bildirib ki, vətəndaşlar belə hallarda qanunvericiliyin müəyyən etdiyi qaydada hərəkət etməlidirlər.
Vəkilin sözlərinə görə, əgər hər hansı şəxs evdə formal olaraq qeydiyyatda olsa da, faktiki şəkildə həmin mənzildə yaşamırsa və yaşayış sahəsindən istifadə hüququ yoxdursa, onun qeydiyyatdan çıxarılması mümkündür.
Kərim Bağırov qeyd edib ki, ilk mərhələdə vətəndaş mütləq şəkildə aidiyyəti polis idarəsinə rəsmi müraciət etməlidir:
“Əgər sizin evinizdə, mənzilinizdə və ya fərdi yaşayış evinizdə qeydiyyatda olan şəxs faktiki yaşamırsa, ilk növbədə polis idarəsinə yazılı şəkildə müraciət edilməlidir. Vətəndaş həmin şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməlidir”.
Vəkil vurğulayıb ki, bəzi hallarda polis orqanı həmin şəxsi birbaşa qeydiyyatdan çıxarmır. Belə vəziyyətdə isə vətəndaş mütləq şəkildə rəsmi imtina məktubu almalıdır.
Onun sözlərinə görə, məhz həmin imtina məktubu məhkəmə mərhələsində əsas hüquqi sənədlərdən biri hesab olunur:
“Əgər polis idarəsi müraciətə baxıb həmin şəxsi qeydiyyatdan çıxarmırsa, bu zaman vətəndaş rəsmi imtina cavabı tələb etməlidir. Bundan sonra isə iddia ərizəsi hazırlanaraq inzibati məhkəməyə təqdim olunur”.
Kərim Bağırov bildirib ki, belə işlərə inzibati məhkəmələr baxır və vətəndaşların bu kateqoriya üzrə məhkəməyə müraciəti zamanı dövlət rüsumu tələb olunmur:
“İnzibati rayon məhkəməsinə müraciət edilərkən vətəndaş dövlət rüsumundan azaddır. Bu da vətəndaşların öz hüquqlarını daha rahat şəkildə müdafiə etməsinə imkan yaradır”.
Vəkil qeyd edib ki, məhkəmə araşdırması zamanı bir sıra mühüm məqamlar nəzərə alınır. Bunlara şəxsin faktiki yaşayış yeri, kommunal ödənişlərdə iştirak edib-etməməsi, uzun müddət həmin ünvanda yaşamaması və yaşayış hüququnun olub-olmaması daxildir.
Hüquqşünasın sözlərinə görə, bəzi hallarda insanlar illərlə başqa ünvanda yaşasalar da, qeydiyyatdan çıxmadıqları üçün mənzil sahibləri ciddi problemlərlə üzləşirlər:
“Bu hallar xüsusilə ev alqı-satqısı zamanı problem yaradır. Çünki mənzildə qeydiyyatda əlavə şəxslərin olması gələcək hüquqi risklər yarada bilər”.
Kərim Bağırov vətəndaşlara belə hallarda hüquqi prosedurları gecikdirməməyi tövsiyə edib:
“Əgər evinizdə tanımadığınız və ya uzun müddətdir yaşamayan şəxslər qeydiyyatdadırsa, məsələni vaxtında hüquqi qaydada həll etmək lazımdır. Çünki gələcəkdə bu, daha ciddi mübahisələrə səbəb ola bilər”.
Vəkil sonda vurğulayıb ki, vətəndaşlar hüquqlarını bilməli və yalnız qanuni prosedurlar çərçivəsində hərəkət etməlidirlər.
Oxşar xəbərlər
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
Saxta profil açmaq hansı hallarda cinayət məsuliyyəti yaradır? – Vəkildən açıqlama
Ötən il Azərbaycanda 40 mindən çox narkoman qeydiyyatda olub
Azərbaycanda qeydiyyatda olan tarix-mədəniyyət abidələrinin vahid pasportu olacaq
Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
