Sizinxeber.Az

Əhalinin bankdakı əmanətləri azalıb

0 1

Dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklarda olan əmanətlərin həcmi 7 milyard 989 milyon 900 min manata düşüb. Statistik müqayisə göstərir ki, ötən 2 ayda əhali banklardan 125 milyon manatını geri götürüb.

Oxu.Az xəbər verir ki, bankların xalis mənfəəti 306.3 milyon manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bank sektoru 2017-ci ilin 11 ayını 592.7 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, sektorun xalis mənfəəti 48,3% azalıb.

Bu ilin on bir ayının yekunlarına görə, bankların cəmi aktivləri 29 milyard 827.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 579.7 milyon  manat təşkil edib. Sektorun balans kapitalı isə 4 milyard 247.5 milyon manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5% (137 milyon manat), öhdəlikləri 0.2% (61.5 milyon manat), balans kapitalı isə 1.8% (75.5 milyon manat) artıb.

Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12 milyard 171.2 milyon  manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 milyon  manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7 milyard 989.9 milyon  manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9% (447.4 milyon  manat) artım olub.

Cari ilin 11 ayı ərzində banklar 644 milyon manat əməliyyat mənfəəti, 306.3 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2 490 olub.

Bank sektorunun işçi heyəti noyabr ayında 0.6% (110 nəfər) artaraq 17 321  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 11 ayında bank sektorunda çalışanların sayı 7.1% (1 150 nəfər) artıb.

www.Sizinxeber.az

Şərhlər
Loading...