Sizinxeber.Az

Deputat: Bu “mahnı”nı 20 ildir ki, parlamentdə eşidirəm

0 1

Deputat Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışında Azərbaycanı istəməyən, anti-azərbaycançı qüvvələr barədə danışıb.

Oxu.Az-ın xəbərinə görə, millət vəkili bildirib ki, Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar:

“Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər. Kanalları, saytları açdıqca, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin qorunmasında, ictimai-siyasi sabitliyin qorunmasında rolu olan insanlarla, dövlətimizin qurucusu Ümummilli lider haqqında olmazın təhqiramiz fikirlər söyləyirlər.

Belə olan halda, biz niyə susmalıyıq?! Bir qrup deputat hesab edir ki, cavab verməklə, onların səviyyəsinə düşəcək. Bu “mahnı”nı 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb.

Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başçısını, Ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə milli-azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda-burda oturub Azərbaycan haqqında təxribat aparırlar”.

Üzünü hüquq-mühafizə orqanlarına tutan S.Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb, aidiyyəti strukturların qarşısına qoysunlar:

“Sual verin ki, sizin ölkəmizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz?

Almaniyada, Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazan kimi gecə ilə həbs edirlər.

Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiniz? Hüquq-mühafizə orqanları İnterpola konkret sənədlər təqdim etməlidir”.

Deputat sonra qeyd edib ki, hüquqi-demokratik mübarizədən söhbət gedirsə, gəlib, mübarizələrini aparsınlar:

“Bu gün Azərbaycan kifayət qədər siyasi partiyalar var ki, onlar qanun çərçivəsində mitinq keçirir, etirazını edir. Demokratik mübarizənin yolu budur”.

 

Şərhlər
Loading...