Sizinxeber.Az

Bahar Muradova Ermənistandakı seçkilərdən danışdı

0 1

Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olması barədə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

B.Muradovanın sözlərinə görə, siyasi məhbusların sayı ilə bağlı hüquq müdafiəçiləri ziddiyyətli rəqəmlər səsləndirirlər:

“Mən özünü hüquq müdafiəçisi adlandıran ayrı-ayrı fərdlərin irəli sürdüyü rəqəmlərə izah vermək niyyətində deyiləm. Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur”.

O deyib ki, “siyasi məhbus” adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adın onların üzərinə qoyulmasına çalışırlar:

“Onların Cinayət Məcəlləsi və yaxud İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var. Ona görə birmənalı şəkildə Azərbaycanda şəxslərin siyasi baxışlarına görə təqib olunmaması qənaətindəyəm”.

Ermənistanda keçirilən seçkilərə toxunan B.Muradova bunu “seçki oyunu” adlandırıb.

B.Muradova qeyd edib ki, bu seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, buna mane ola biləcək şəxslər, dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu:

“Ermənistanda keçirilən seçkilərdə “Seçsəniz də, seçməsəniz də, baş nazir özüm olacağam”  prinsipi ilə hərəkət edildi və nəticə ortadadır. Ermənistanda əvvəlcədən bəlli olan nəticə təsdiq olunmalı idi.

Düşünürəm ki, Ermənistan vətəndaşlarının bu məsələyə münasibəti ortadadır və bu seçkinin nəticələrini təsdiq etməklə legitimlik qazanan siyasi şoumenlərin rəhbərliyi altında yaşamaq, işləmək istəyib-istəmədiklərinə özləri qərar verməlidirlər. Bu, onların şəxsi həyatlarıdır, daxili işləridir, amma hər halda regionda baş verən hadisə kimi bizi də narahat edir və maraqlandırır”.

Vitse-spiker əlavə edib ki, Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır:

“Onlar səsvermə günü belə, ən müxtəlif təzyiq və təhdid dolu çağırışların müşayiəti ilə keçirilən seçkilərə öz obyektiv münasibətlərini bildirməlidirlər”.

B.Muradova bildirib ki, bir çox ekspertlərin söylədiyi kimi, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi həlledici dəyişikliklərə imza atılacağı qənaətində deyil:

“Elə seçki öncəsi də Dağlıq Qarabağda Ermənistan vətəndaşlarının hərbi xidmət etməsi ilə bağlı səsləndirilən fikirlər, Paşinyanın açıqlamaları – bütün bunlar seçkiyə hesablanmışdı”.

 

Şərhlər
Loading...