Gələn il də maaş və pensiyalar artacaqmı?
sizinxeber.az xəbər saytı

Gələn il də maaş və pensiyalar artacaqmı?


2026-cı il üçün dövlət büdcəsi gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, başqa sözlə cəmi 0.6% çox olmaqla 38 609 000.0 min manat, xərcləri isə 296 milyon manat, yəni cəmi 0.7% çox olmaqla 41 703 600.0 min manat təşkil edəcək.

Lakin cəmiyyəti maraqlandıran bu deyil. Əksəriyyəti düşündürən sual həmişə olduğu kimi bundan ibarətdir ki, gələn il də maaşlar və pensiyalar artacaqmı, yəni sosial istiqamətdə ödənişlərdə hər hansı yüksəlişlər həyata keçiriləcəkmi? Bir sıra vergi güzəştlərinin ləğv ediləcəyi fonunda qeyd olunan sual bu dəfə bəlkə də daha çox aktualdır.

Məlumdur ki, ölkəmizin dövlət büdcəsi sosialyönümlüdür. Yəni xərclərin demək olar çox hissəsi sosial istiqamətdə təşkil edir. Büdcə müzakirələri zamanı bunu, istər maliyyə naziri Sahil Babayev, istərsə də əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev də qeyd etdi. Hər iki nazir vurğuladı ki, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1.4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir.

Ümumiyyətlə, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olacağı proqnozlaşdırılır ki, bu göstərici 2025-ci ilin proqnoz göstəricisindən 121.2 milyon manat və ya 2.6% çox deməkdir.

Gələn il də maaş və pensiyalar artacaqmı?

Bəli, bütün bunlar aydındır. Lakin 2026-cı ildə hər hansı sosisal islahat paketi həyata keçirilməyəcək. 2019-cu ildən bəri indiyədək beş bu cür islahat paketi həyata keçirilib. Ümumiyyətlə, son yeddi il ərzində 4 milyon vətəndaşı əhatə edən beş sosial islahat paketinin icrası nəticəsində illik əlavə olaraq 7.6 milyard manat xərclənib.

Cari ildə beşinci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, 1 fevraldan isə minimum pensiya 14.3% artırılaraq 320 manata çatdırılıb. Həmçinin, 1 iyul tarixdən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin, 1 sentyabrdan isə tələbə təqaüdlərinin məbləğləri artırılıb.

Eyni zamanda, 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Ümumiyyətlə, beşinci sosial islahat paketi 1.9 milyon vətəndaşı əhatə etməklə, illik əlavə maliyyə yükü 885 milyon manat, əmək pensiyalarının da ilin əvvəlində 8.1%-lik indeksasiyası iləsə birlikdə 1 milyard 400 milyon manat təşkil edib.

Aparılan islahatlar nəticəsində, cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artırılaraq 540 manat, yaşa görə pensiyanın orta məbləği isə yenə də 9% artırılaraq 576 manat olub.

Yeri gəlmişkən, növbəti ildə heç bir sosial islahat paketinin həyata keçirilməyəcəyi heç də dövlət büdcəsi gəlirlərinin cəmi 0.6% artımı ilə əlaqədar deyil. Əhalinin sosial müdafiəsini gücləndirmək üçün islahatlar əslində davamlı xarakter daşıyır və bu, təkcə əməkhaqqı, pensiya, o cümlədən sosial müavinət və təqaüdlərin artırılmasından ibarət deyil. Qeyd olunan göstəricilərdəki yüksəliş sadəcə, nəticədir.

Misal üçün, qeyd edim ki, qanunvericiliyə uyğun olaraq əmək pensiyalarının yanvarın 1-dən indeksləşdirilməsi növbəti ildə də həyata keçiriləcək. Bu il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin qeydə alınacaq artım faizinə uyğun olaraq sözügedən pensiya məbləğləri artırılacaq. Bundan əlavə, digər artımların da baş tutması üçünsə islahatları dərinləşdirmək lazımdır.

Oxşar xəbərlər

Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident DSMF və İSF-nin gələnilki büdcələrini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu nazirliyə 275 milyon manat ayrılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin 4 ayında DSMF-nin xərcləri 10 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər