Sizinxeber.Az

Ermənistan KTMT-dən getsə, təşkilat heç nə itirməyəcək – ŞƏRH

0 1

Son günlərə qədər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər səsləndirilir.

Görəsən, birdən-birə nə baş verdi ki, Ermənistanın mövqeyində bu cür radikal dəyişiklik meydana çıxdı?!

Azərbaycan işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri uzun illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasət sayəsində elə səviyyəyə qaldırdı ki, Ermənistanı özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar bu gün artıq onu dəstəkləmirlər.

Oxu.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili  Hikmət Babaoğlu bildirib.

“Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşmış olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq olub”, – deyən, deputat qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi.

Onun sözlərinə görə, artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişmək üçün diktə edən tərəfə çevrildi:

“Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı.

Hazırda reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir.

Dolayısı ilə Azərbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır”.

Millət vəkili bildirib ki, bir müddət öncəyə qədər, sadəcə, Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiqi olan ölkələr tərəfindən də bu cür dəyərləndirilir:

“Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu, ilk növbədə, Rusiya ilə bağlıdır.

Hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, Ermənistanla Rusiya arasındakı münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb.

Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb”.

Rusiya ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində qiymətləndirildiyini deyən deputat hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından hələ də realizə olunmamış geosiyasi resursların mövcudluğunu qeyd edib.

Millət vəkili onu da əlavə edib ki, bunun baş tutması üçün, ilk növbədə, regionda işğal faktına son qoyulmalıdır:

“Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir.

Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz faktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir”.

Millət vəkili Kamilə Əliyeva da hesab edir ki, başabəla, xəstə ruhlu şovinist erməni siyasətçiləri Ermənistanı tam təcrid vəziyyətinə gətirib çıxarıblar.

Millət vəkilinin qeyd etdiyinə görə, onsuz da Ermənistanın müstəqil dövlətçilik siyasətindən danışmaq olmaz, bu ölkə onun-bunun vassalı, forpostu olub.

“Kim himayədarlıq edibsə, onun sözü, buyruğu, dirijor çubuğu ilə oturub, durub, hərəkət ediblər.

Yəni, bu ölkənin müstəqilliyi əslində nisbi, formal xarakter daşıyıb. Onlar onun-bunun himayədarlığı, dəstəyi, yardımı olmadan yaşamayıblar və bu gedişlə də yaşaya bilməzlər. Elə 90-cı illərin əvvəllərində açıq və gizli hərbi-siyasi-iqtisadi dəstək olmasaydı,  Ermənistan torpaqlarımızın bir qarışını belə işğal edə bilməzdi. Onların buna  gücü, qüdrəti,  cürəti çatmazdı.  Amma bu illər ərzində onlar özlərini o qədər yaramaz apardılar ki, artıq heç kim onlara sahiblənmək, yiyə durmaq istəmirlər.

Onlar həm Qərb, həm də Şimaldakıları bezdiriblər. Bir müddət öncə  əliqanlı hərbi cani Yuri Xaçaturovla bağlı baş verənləri buna misal göstərmək olar.

Yəni, uzun illər üzvü olduqları təşkilatda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) belə onlara hörmət, ehtiram qalmayıb. Budur onların əsl siması.

Artıq hər kəs onların nə olduğunu görməyə, anlamağa və qəbul etməyə başlayıb. İndi də yeni oyun oynamaq niyyətindədirlər.

KTMT-dən gedəcəkləri ilə bağlı “ideyanı” dövriyyəyə buraxmağa başlayıblar və bununla da nəyəsə nail olacaqlarını düşünürlər. Ancaq qatar çoxdan gedib, kimsənin onlara etimadı, etibarı, hörməti qalmayıb.

Getsələr belə, KTMT heç nə itirməyəcək, olan yenə onlara olacaq. Qoy, olsun.

Bizə də elə bu lazımdır…”, – deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.Sizinxeber.az

Şərhlər
Loading...