Sizinxeber.Az

İki vacib səfər və pərdəarxası məqamlar – TƏHLİL

0 1

Azərbaycan prezidenti İlham Əliyev bu həftə iki ölkədə oldu. İlham Əliyev əvvəl noyabrın 19-da Belarusa getdi və bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşdü. Minskdə Azərbaycanla Belarus arasında 10 sənəd imzalandı.

Azərbaycanlı politoloq Elxan Şahinoğlu Oxu.Az-a açıqlamasında prezidenti İlham Əliyevin səfərlərini şərh edib.

Onun sözlərinə görə, İlham Əliyevin Belarusa səfəri xüsusi əhəmiyyət daşıyırdı.

“Çünki səfərdən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidentini sərt tənqid etmişdi. Tənqidin səbəbi bu idi ki, Lukaşenko Minskdə Azərbaycanın Belarusdakı səfiri ilə görüşdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı mövqeyini tənqid etmişdi.

Bundan bir gün sonra İlham Əliyev Bakıda Belarus səfirini qəbul etdi. İlham Əliyev səfirə Ermənistanın Belarus-Azərbaycan münasibətlərinə qarışmamasının vacibliyini bildirmişdi. Belarus da Ermənistana sərt cavab verdi”, – ekspert bildirib.

O əlavə edib ki, Belarusun bu mövqeyi Azərbaycanda müsbət qarşılanır:

“Ümumiyyətlə, Azərbaycan cəmiyyətində Belarusa simpatiya var. Bunu İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşdə bir daha xatırlatdı. İlham Əliyevin Belarusa beşinci, Aleksandr Lukaşenkonun Azərbaycana dördüncü səfəri də iki ölkə arasındakı sıx əlaqələrdən xəbər verir. Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Politoloq deyib ki, Belarusun Cənubi Qafqazdakı əsas siyasi, iqtisadi və hərbi tərəfdaşı məhz Azərbaycandır.

“Bu fakt Ermənistan hakimiyyətini narahat edir. Təkcə son bir ildə Belarusla Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb. Bundan başqa, Minskdə Azərbaycanın Belarusdan hərbi texnikanın növbəti partiyasının almasına dair memorandum imzalandı. İki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi-texniki sahədir.

Rəsmi Bakı bu əməkdaşlıqdan razıdır. İlham Əliyev Minskdə söylədi ki, Azərbaycan Belarusun hərbi texnikasından razıdır. Belarusun hərbi məhsullarının keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Bu, o deməkdir ki, Azərbaycan Belarusdan daha çox hərbi texnika alacaq”, – E.Şahinoğlu bildirib.

Siyasi şərhçi əlavə edib ki, İlham Əliyev Belarusdan sonra Türkmənistana getdi və bu səfər Azərbaycan üçün əhəmiyyətli idi:

Image result for İlham Əliyev Türkmənistan

“İlham Əliyev Aşqabadda bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədovla 21 saziş imzaladı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir.

Birincisi, prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu bəndin birgə bəyanata salınmasına Azərbaycan tərəfi israr edib və Aşqabad etiraz etməyib.

İkincisi, birgə bəyanatda vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Üçüncüsü, prezidentlər Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinə, həmçinin Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bildiriblər.

Sonuncu iki bənd hər iki dövlət üçün vacibdir. Aşqabad Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini işə salmaq istəyir. Ancaq Əfqanıstandakı vəziyyət bu layihənin reallaşmasına imkan vermir. Buna baxmayaraq, Əfqanıstanda sabitlik yaranan kimi bu layihəni işə salmaq mümkündür. Bununla həm Türkmənistan, həm də Azərbaycan yeni nəqliyyat koridoru əldə edəcəklər”.

E.Şahinoğlunun sözlərinə görə, birgə bəyanatda “Trans-Xəzər” ifadəsinin vurğulanması da iki ölkənin gələcək niyyətindən xəbər verir.

“Azərbaycan öz qazını TANAP boru xətti ilə Türkiyəyə çatdırır. Gələn il Azərbaycan TAP boru xətti ilə qazını Avropa ölkələrinə də çatdıracaq. Türkmənistan da öz qazını Avropaya çatdırmaq istəyir. Ancaq bunun üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Məhz bu boru xətti Trans-Xəzər adlanır”, – politoloq qeyd edib.

Onun fikrincə, birgə bəyanatda Trans-Xəzər ifadəsinin yer alması ondan xəbər verir ki, Aşqabad bu boru xəttinin tikilməsini istəyir:

“Ancaq bunun üçün Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair ikitərəfli saziş imzalanmalıdır. Belə bir saziş İlham Əliyevin Aşqabada səfəri zamanı imzalanmadı. Daha əvvəl beş dövlət Xəzərin yekun Konvensiyasına imza atıblar. Ancaq Xəzərin dibi sahil ölkələr arasında razılaşdırılmalıdır.

Azərbaycanın Rusiya və Qazaxıstanla Xəzərin dibi ilə bağlı sazişlər var, yəni ikitərəfli sərhədlərini müəyyənləşdiriblər. Rəsmi Bakı Aşqabadla da belə bir sazişin imzalanmasını istəyir. Görünür, Aşqabad bu məsələnin həllinə hələ hazır deyil”.

Ekspert əlavə edib ki, İlham Əliyevin Aşqabada səfəri zamanı Xəzərdəki “Kəpəz” yatağı ilə bağlı da heç nə deyilmədi.

“Bu haqda birgə bəyanatda heç nə yoxdur. Türkmənistan “Kəpəz” yatağını özününkü sayır və “Sərdar” adlandırır. Əslində, bu mübahisənin də həlli yolu var. Azərbaycan və Türkmənistan Xəzərdəki bu yatağı birgə işlədə bilərlər. Ancaq Aşqabad hələlik buna da razı deyil. Əks halda bu məsələ birgə bəyanatda yer alardı”, – E.Şahinoğlu deyib.

O bildirib ki, buna baxmayaraq, Türkmənistanla Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək:

“Türkmənistan öz yüklərini Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çatdırmaq istəyir. Bunun üçün lazımi infrastruktur var. Azərbaycanın və Türkmənistanın Xəzərdə müasir dəniz limanları mövcuddur.

Türkmənistan öz mallarını Azərbaycanın Ələt limanına və oradan da Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropa ölkələrinə çatdıra bilər. Hər iki dövlət yük daşımaçılığının artırılması üçün hətta vergi rüsumlarını azaltmağa da hazırdırlar”.

“İlham Əliyevin Türkmənistana səfərinin yekunu olaraq belə açıqlaması diqqəti cəlb etdi: “Türkmənistana səfərim dövlətlərarası çərçivədən çıxıb, onun ən azı mühüm regional əhəmiyyəti var. Nəqliyyat və logistika imkanlarımızın genişləndirilməsi nəzərə alınmaqla bu, qlobal Avrasiya əhəmiyyəti kəsb edəcək”.

Yəni İlham Əliyev demək istəyib ki, Azərbaycanla Türkmənistan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinə çevrilə bilərlər. Ortada niyyət var, indi əsas məsələni bu niyyəti reallaşdırmaqdır”, – politoloq saytımıza açıqlamasında qeyd edib.

www.Sizinxeber.az

Şərhlər
Loading...