
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində "Şəfəq" GEŞ üzrə yekun investisiya qərarı sənədi imzalanıb - YENİLƏNİB - FOTO

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində "Şəfəq" GEŞ üzrə yekun investisiya qərarı sənədi imzalanıb - YENİLƏNİB - FOTO
bp, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin səhmdarları bu gün Şəfəq günəş elektrik stansiyası layihəsi üçün yekun investisiya qərarını elan ediblər.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu qərar Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisinin başlanmasına imkan verir.
Eyni zamanda Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, EksonMobil, İTOÇU, ONGC Videş, Eni, MVM və TotalEnergies – bu gün Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. Bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
Bu iki layihə bir-biri ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bu gün bir sıra digər müqavilələr də imzalanıb.
Şəfəq layihəsi üzrə - SJSL ilə AzərEnerji arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi və SJSL ilə AzərEnerji arasında şəbəkəyə qoşulma müqaviləsi.
STEL layihəsi üzrə - AzərEnerji ilə Səngəçal terminalının operatoru qismində bp arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi, və istismar və texniki xidmət müqaviləsi.
Bundan əlavə, həm Şəfəq, həm də STEL layihələrini dəstəkləmək məqsədilə iki müqavilə — Səngəçal terminalının operatoru qismində bp, SJSL və AzərEnerji arasında balanslaşdırma sazişi, həmçinin Səngəçal terminalının operatoru qismində bp ilə SJSL arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanıb.
Hər iki layihə üzrə yekun investisiya qərarının və əlaqədar müqavilələrin rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən tədbir zamanı baş tutub.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov dedi: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin “yaşıl enerji”dən istifadəni təşviq edən siyasəti çərçivəsində Şəfəq GES və Səngəçal terminalının elektrikləşdirilməsi layihələri üzrə mühüm mərhələnin tamamlanması ilə ölkəmizin bp ilə strateji enerji tərəfdaşlığında yeni bir səhifə açılır. 240 MVt gücündə günəş stansiyasının “Yaşıl enerji zonası” ərazisində inşası və dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın elektrikləşdirilməsi kimi önəmli elementləri birləşdirən bu layihə, enerji təhlükəsizliyi və emissiyaların azaldılması istiqamətində ortaq, mütərəqqi yanaşmamızın bariz nümunəsidir. Ölkəmizin neft-qaz sektorunda ən böyük investoru olan bp-nin yaşıl enerji sahəsinə doğru sərmayələrini genişləndirməsi tərəfdaşlığımızın uzunmüddətli strateji təməlini daha da möhkəmləndirir. Biz bp ilə birgə təkcə etibarlı enerji təchizatını deyil, həm də dayanıqlı və aşağıkarbonlu gələcəyin əsasını formalaşdırırıq.”
AzərEnerji ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dedi: “Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələnən Azərbaycan energetikasında tez-tez əlamətdar hadisələrin baş verməsi artıq ənənə halına çevrilib. bp kimi dünya miqyaslı bir şirkətlə Şəfəq günəş elektrik stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi də bunlardan növbətisidir.
Bu layihə ilk növbədə enerji təhlükəsizliyi, enerji effektivliyinə böyük dəstək verməklə yanaşı, yaşıl enerjinin əhatələnməsinə xidmət edir. Eyni zamanda bu layihə regionda enerji təhlükəsizliyinə nail olan Azərbaycan üçün əlavə əməkdaşlıq üfüqləri açır. Bu layihə enerjinin istehsalı və ötürülməsi sahəsinə öz töhfəsini verməklə yanaşı karbon emissiyasının azaldılması da böyük dəstək olacaq.”
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel dedi: “Bu gün qəbul edilən qərarlar həm Azərbaycanla əməkdaşlığımızda, həm də regiondakı biznes fəaliyyətimizdə yeni bir mərhələnin başlanğıcını qoyur. Şəfəq layihəsi ölkədə günəş enerjisi hasilatına qoyduğumuz ilk investisiya olmaqla, enerji sahəsindəki uğurlu əməkdaşlığımıza yeni bir istiqamət əlavə edir. Bu iki layihəni birləşdirən yeni innovativ yanaşma bizi sevindirir, çünki onun vasitəsilə Azərbaycanda idarə etdiyimiz ən böyük obyekt olan terminalın əməliyyatlarlarından yaranan emissiyaları azalda biləcəyik. Azərbaycanla əsasən neft və qaz sahəsini əhatə edən uzunmüddətli tərəfdaşlığımızda bu yeni mərhələni alqışlayırıq və əminik ki, bu, regionda dayanıqlı enerji sahəsində növbəti təşəbbüslərin həyata keçirilməsinə yol açmağa kömək edəcək.”
Təxminən 200 milyon dollar dəyərində olan Şəfəq günəş elektrik stansiyasının tikinti işlərinə bu il başlanacağı və bu işlərin əsasən yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarınadək davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı gözlənilir.
Şəfəq layihəsi bütövlükdə bp şirkətinə məxsus olan Lightsource bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01%, SOCAR Green 39,99% və ABİF 10%.
230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanması planlaşdırılır və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.
***
13.55
Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" 11 Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarının verilməsinə dair sənəd imzalanıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, imzalanma Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində baş tutub.
Bununla yanaşı, Səngəçal terminalının elektrikləşməsi layihəsi üzrə yekun investisiya qərarına dair sənəd imzalanıb.
Sənədlər BP şirkəti və "Azərenerji" ASC arasında imzalanıb.
***
12.17
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" 11 Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı yekun investisiya qərarının verilməsinə dair sənədin imzalanması gözlənilir.
Bunu "Sizinxeber.az-Economics"ə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"Yaşıl enerji ilə bağlı bizim Cəbrayıl rayonu ərazisində "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı layihəmiz var. Bu sərgi çərçivəsində ”Şəfəq" stansiyası ilə bağlı yekun investisiya qərarının imzalanması gözlənilir, imzalanma həyata keçiriləcək", - Bəxtiyar Aslanbəyli qeyd edib.
Onun sözlərinə görə, stansiyada istehsal olunan elektrik enerjisi milli şəbəkəyə ötürüləcək və sonra həmin həcmdə enerji şəbəkədən Səngəçal terminalının elektrikləşməsinə yönəldiləcək.
Qeyd edək ki, COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.
Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.
Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.
Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. Şəfəq GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.
Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpa olunan enerjidən istifadə ediləcək və bp-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək.
Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.
Şəfəq Günəş Elektrik Stansiyasının səhmdarları bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti olmaqla, layihəyə təxminən 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.