
Ordubad SES illik 190 mln. kilovat-saat elektrik enerjisi istehsal edəcək

Ordubad SES illik 190 mln. kilovat-saat elektrik enerjisi istehsal edəcək
Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.
Bu sözləri Sizinxeber.az-ya açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
O bildirib ki, hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 mln. kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30%-ni ödəməyə imkan verəcək: "Hazırda Su Elektrik Stansiyasında tikinti işlərinin 60%-i tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır".
Energetika Xidmətinin rəsmisi əlavə edib ki, SES-in su anbarının ümumi tutumu 1,5 mln. kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq.