Energetika naziri və Aİ komissarı mətbuat üçün bəyanat yayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
18:50

Energetika naziri və Aİ komissarı mətbuat üçün bəyanat yayıb

04 apr, 2025
18:50
580

Energetika naziri və Aİ komissarı mətbuat üçün bəyanat yayıb

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 3-cü iclası keçirilib. Tədbirdə 24 tərəfdaş ölkə, eləcə də 52 təşkilat və şirkət təmsil olunub.

Sizinxeber.az-Economics” xəbər verir ki, görüş zamanı Avropa İttifaqı və Azərbaycan Respublikasının enerji sahəsində strateji tərəfdaşlığa sadiqliyi bir daha vurğulanıb. Bu tərəfdaşlıq sərfəli, sabit və etibarlı təbii qaz təchizatı ilə yanaşı, bərpa olunan enerji mənbələrinin təşviqi, enerji səmərəliliyinin artırılması, hidrogen istehsalı, metan emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsini əhatə edir.

Cənub Qaz Dəhlizi

Cənub Qaz Dəhlizi Məşvərət Şurasında dəhlizin Azərbaycan qazını daha çox alıcıya etibarlı və rəqabətqabiliyyətli şəkildə çatdıran ötürücü sistem kimi mühüm rolu vurğulanıb. Regional tərəfdaşlar artıq dörd ildir uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi siyasətinə verdiyi əhəmiyyətli töhfəni qeyd ediblər. Azərbaycan, o cümlədən SOCAR şirkəti 2024-cü ildə ümumilikdə 25 milyard kubmetrdən çox təbii qaz ixrac edib, bunun təxminən 13 milyard kubmetri Avropa İttifaqına üzv olan ölkələrin payına düşüb. Bu göstərici 2021-ci illə müqayisədə 57% artım deməkdir. Məşvərət Şurasında qaz hasilatı və ötürülməsi infrastrukturunda davam edən irəliləyişlə yanaşı, təchizatın növbəti illərdə daha da artırılması məqsədilə maliyyələşdirmə və investisiya tələbləri üzrə müzakirələr aparılıb. Görüşdə metan emissiyalarının azaldılmasına töhfə verən Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi təşəbbüslərin önəmi də xüsusi qeyd olunub.

Yaşıl Enerji

Yaşıl Enerji Məşvərət Şurasında regionda enerji səmərəliliyi və bərpa olunan enerji potensialının artırılması istiqamətində yeni səylər müzakirə edilib. Azərbaycan Respublikasının 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransına (COP29) ev sahibliyi etməsi və bu tədbirin əsas mandatları üzrə işləri uğurla yekunlaşdırması yüksək qiymətləndirilib. Bəzi iştirakçılar tərəfindən COP29 çərçivəsində irəli sürülmüş - enerji saxlama və şəbəkələr, yaşıl enerji zonaları və dəhlizləri, habelə hidrogen üzrə üç enerji təşəbbüsünün Paris Sazişinin məqsədlərinə və qlobal enerji keçidinin sürətləndirilməsinə verdiyi töhfə vurğulanıb. Xüsusilə Azərbaycanın COP Sədrliyi tərəfindən irəli sürülmüş və 100-dən artıq ölkənin dəstəklədiyi “Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi” təşəbbüsü Şuranın diqqət mərkəzində olub.

Görüşdə həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Azərbaycanın, həmçinin Mərkəzi Asiyanın zəngin yaşıl enerji resurslarını Avropaya çatdırmağa yönəlmiş bir sıra yaşıl enerji dəhlizi layihələri müzakirə edilib. Bu layihələrin regionda enerji əlaqəliliyinin artırılması və dayanıqlı enerjiyə keçidin təşviqi məqsədi daşıdığı qeyd olunub.

Energetika naziri Pərviz Şahbazov deyib ki, bugünkü qlobal çağırışlar fonunda enerji təchizatının şaxələndirilməsinin vacibliyi bir daha təsdiqlənib: "Təbii qaz enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır və qaz yataqlarına və infrastrukturuna davamlı investisiyalar mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təchizat boşluqlarının aradan qaldırılması baxımından Aİ-nin hərtərəfli dəstəyi vacibdir. Eyni zamanda, yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və dayanıqlı enerjiyə keçidi sürətləndirəcək.”

Avropa Komissarı Dan Jorgensen isə bildirib ki, bugünkü görüşlər enerji təhlükəsizliyini yaxşılaşdırmaq və Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səyləri vurğulayır: "Bir çox tərəfdaşın yaxın illərdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsinə və bərpa olunan enerji mənbələrindən istifadə üçün yeni ticarət marşrutlarının yaradılmasına marağını görməkdən məmnunam.”

Əsas iclaslara parallel olaraq nazir Pərviz Şahbazov və komissar Dan Yorgensen Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanın energetika nazirləri ilə birlikdə Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə əldə olunmuş son irəliləyişləri müzakirə ediblər. Həmçinin Xəzər dənizində külək enerjisindən istifadənin inkişafına həsr olunmuş Avropa İttifaqı-Azərbaycan dəyirmi masasına birgə sədrlik ediblər.

Bizimlə əlaqə saxlayın