
Azərbaycanda ilin ikinci rübündə gündəlik neft hasilatı azalıb

Azərbaycanda ilin ikinci rübündə gündəlik neft hasilatı azalıb
Bu ilin ikinci rübündə Azərbaycanda gündəlik xam neft hasilatı orta hesabla 450 min barel səviyyəsində olub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,3% azalma deməkdir.
Bu barədə “Sizinxeber.az-Economics” ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin birinci rübünün göstəricisi ilə müqayisədə aprel-iyun aylarında Azərbaycanda gündəlik neft hasilatı 4,3% azalıb.
Ötən ilin ikinci rübündə və cari ilin birinci rübündə qeyd olunan göstərici 470 min barel səviyyəsində olub.
Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 480 min barel təşkil edib.
Məlumata görə, bu ilin ikinci rübündə “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri üzrə gündəlik xam neft hasilatı orta hesabla 35,94 mln. barel təşkil edib, bunun da 21,76 mln. bareli OPEC, 14,19 mln. bareli isə razılaşmada iştirak edən qeyri-OPEC ölkələrinin payına düşüb. Ötən ilin ikinci rübündə rübündə qeyd olunan göstəricilər müvafiq olaraq 35,77 mln. barel, 21,56 mln. barel və 14,22 mln. barel olub.
Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.