"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
Prezident İlham Əliyevin Bakı şəhərinin Qaradağ rayonu, eləcə də Abşeron, Zaqatala, Balakən, Oğuz və İmişli rayonlarında yerləşən bir sıra əhəngdaşı və qum-çınqıl yataqlarının "AzerGold" QSC-nin istifadəsinə verilməsini nəzərdə tutan 20 aprel 2026-cı il tarixli 649 nömrəli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Cəmiyyət daxilində yaradılmış operativ İşçi Qrupu fəaliyyətə başlayıb. Paralel olaraq, Fərmandan irəli gələn vəzifələrin çevik və koordinasiyalı icrasını təmin etmək məqsədilə "AzerGold"un nəzdində aiddiyyəti təşkilati strukturun formalaşdırılması istiqamətində də işlərə başlanılıb.
İşçi Qrupu qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə səmərəliliyin artırılması və bazar tələbatının daha effektiv ödənilməsi üçün qısa müddətdə tədbirlər planı hazırlayıb. Bu çərçivədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində müxtəlif məsələlər üzrə görüşlər keçirilib və sahələrə səfərlər təşkil olunub.
Monitorinq və qiymətləndirmə zamanı sahələrin texniki əlçatanlığı, mövcud infrastruktur, logistika imkanları, relyef xüsusiyyətləri, ətraf mühitin vəziyyəti və xammal ehtiyatları üzrə ilkin təhlillər aparılıb. Nəticədə ərazilərin xammal ehtiyat bazasının dəqiqləşdirilməsi və mövcud yataqların istismar üçün səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mərhələli şəkildə tarixi-geoloji məlumatların təhlili aparılması və kəşfiyyat işlərinə başlanılması qərara alınıb. Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonu ərazilərində yerləşən "Güzdək muldası" üzrə hazırlanmış kəşfiyyat proqramına uyğun olaraq tədqiqat işlərinə artıq başlanılıb. İyun ayından etibarən isə İmişli yatağı üzrə müvafiq işlərə başlanılması nəzərdə tutulur.
Fərmanda nəzərdə tutulan ölkənin şimal-qərb bölgələrində yerləşən yataqlar - Zaqatala rayonundakı "Katexçay I və II", Balakən rayonundakı "Balakənçay I və II" və Oğuz rayonundakı "Ağçay I" qum-çınqıl yataqları üzrə fəaliyyətə növbəti mərhələdə başlanılması planlaşdırılır.
Bu, yataqların xüsusilə paytaxt Bakı olmaqla əsas istehlak bazarlarından uzaqda yerləşməsi, mövcud infrastruktur imkanlarının məhdudluğu, relyef xüsusiyyətləri, eləcə də logistika və nəqliyyat xərcləri, hazırkı vəziyyətdə iqtisadi cəhətdən səmərəsizlik riski ilə əlaqədardır. Bu baxımdan, Fərmanda nəzərdə tutulan güzəşt mexanizmlərinin təsdiqi və tətbiqi həmin yataqlarda hasilat fəaliyyətinin təşkili üçün əsas amillərdən biri hesab olunur. "AzerGold"un dövlət şirkəti olaraq əsas fəaliyyət göstəricilərindən biri hasilatın mənfəətlilik prinsipi əsasında təşkili olduğundan, qeyd olunan məsələ şirkət üçün xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizdə qeyri-filiz faydalı qazıntıları sektoru üzrə mühüm institusional islahat mərhələsi kimi qiymətləndirilən "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" Fərmanın əsas məqsədi yerin təkindən istifadə sahəsində idarəetmənin daha şəffaf, çevik və səmərəli təşkilidir.
Sənədə əsasən, 2027-ci ildən icazə, ekspertiza və hərrac proseslərinin "Rəqəmsal ekologiya" sistemi üzərindən "bir pəncərə" prinsipi ilə aparılması nəzərdə tutulur. Bu, prosedurların sadələşdirilməsinə, nəzarətin gücləndirilməsinə və rəqəmsallaşmanın tətbiqinə xidmət edəcək. Görülən işlər həm ekoloji problemlərin aradan qaldırılmasına, həm də ətraf mühitin mühafizəsini daha səmərəli tənzimləməyə şərait yaradacaq. Eyni zamanda, tikinti sənayesi üçün dayanıqlı, keyfiyyətli xammal istehsalına, yeni iş yerlərinin açılmasına və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına şərait yaradacaq.
Dövlət başçısının sözügedən fərmanı qeyri-filiz faydalı qazıntılar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə əvvəlki islahatların davamıdır. Bundan əvvəl Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci ildə "AzerGold" beynəlxalq nüfuzlu "Boston Consulting Group" şirkətinin iştirakı ilə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyəti təhlil edib. Müxtəlif dövlət qurumlarının və sahibkarların iştirakı ilə seminarlar təşkil olunub, mövcud bazar üzrə qiymətləndirmələr aparılıb. İl ərzində Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlarda 70-dən çox yataq araşdırılıb. Aparılan təhlillər əsasında beynəlxalq standartlar nəzərə alınmaqla institusional idarəetmənin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Oxşar xəbərlər
Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib
Bəzi əhəngdaşı və qum-çınqıl yataqları "AzerGold"un istifadəsinə verilib
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib
“AzerGold”da qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
Azərbaycanda bayram günlərinin havası açıqlanıb
