Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

SƏHNƏMİZİN JANNA DARKI

featured

Bu gün dahi aktrisamız SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olduğu gündür.Onunla bağlı unudulmaz xatirələrim var bu əziz gün  bu xatirələri teatr sevənlərlə bölüşməyi özümə borc bildim.

Qədim şərq rəvayətində deyilir ki, günlərin bir günü dəniz kənarına gələn insan bir-birindən gözəl, incə daşlar görüb, dfeyir, – Mən də belə daşlar düzəldəcəyəm… Evə qayıdıb daş parçalarını nə qədər döyüb yonursa, dəniz kənarında gördüyü daşlardan düzəldə bilmir. Səbri tükənən insan yenidən dəniz kənarına qayıdıb dənizdən soruşur, – Necə olur ki, mən insan ola-ola bu cür incə, zərif daşları düzəldə bilmirəm, amma sən heç nəsiz əsl sənət əsəri yaradırsan. Dəniz insana cavab verir, – Çünki sən daşları döyürsən, mən isə sığallayıram.
Böyük sənətkarın əllərindən çıxan sənət inciləri də belə olur. Onlar öz nəfəsləri, ürəklərinin hərarəti ilə sığallaya-sığallaya ədəbi sənət inciləri yaradırlar.
Belə sənətkarlardan biri də SSRİ xalq artisti Hökümə Qurbanova olub.
“HƏQİQƏTİN SƏHİFƏSİ”
Böyük rejissor, pedaqoq və alim Mehdi Məmmədov haqlı idi: “ Hökümə Qurbanova haqqında həqiqət təkcə bu aktrisaya, yaxud aktrisaya aid həqiqət deyil. O, milli teatrımıza aid həqiqətin bir səhifəsidir”.
Bəli, həqiqətin bu səhifəsini olduğu kimi yaddaşlarda yaşatmaq hər birimizin borcudur.
Hökümə xanım heç vaxt yaşı barədə söz deməzdi. O, elə yaddaşlarda elə “həqiqətin bir səhifəsi” kimi qalmaq istəyirdi, yaratdığı obrazlar – Fərhadın Şirini, Misirin Kleopatrası, Şeyx Sənanın Xuumarı, məzlumların Janna Darkı, Qaçaq Nəbinin Həcəri kimi, Od gəlini, Solmaz, Sevil, Almaz kimi.
Hökümə Qurbanovanın anası çeçen qızı olub. Malikat Maqomayeva. Dahi bəstəkar Müslüm Maqomayevin doğma bacısı. Atası Abbasəli Qurbanov ixə xalis bakılı olub. Şimali Qafqazda səfərdə olarkən ziyafət məclisində Malikat xanımı görüb, sevib.
Hökümə xanımın teatra, sənətə bağlanmaqda M. maqomayevin müstəsna rolu olub.
O, xatirələrində yazır:
“ Dayım Müslüm Maqomayevin otağı qonaqsız, səs-küysüz olmurdu. O, təbiət etibarı ilə qonaqpərvər, məclissevən, demək-eşitmək xoşılayan, xoşünsiyyət bir adam idi. Onu daha çox teatr həvəskarları, incəsənət maraqlıları, o vaxtın çox məhşur sənət xadimləri əhatə edərdi. Mən teatra çox sonralar gəlmişəm. Amma teatrın ilk təsirini elə o anlarda aldım”.
Ata-anası Hökümə xanımı heç vaxt teatra aparmazdı. Elə onu ilk dəfə teatra aparan da dayısı iolur. İlk gördüyü tamaşa Ü. Hacıbəyovun “Leyli və Məcnun” operası olur. İlk gördüyü dram tamaşası isə nişanlısı, sonralar milli səhnəmizin böyük aktyoru, SSRİ xalq artisti Ələskər Ələkbərovun oynadığı tamaşa olur. O vaxt Ələkbərov iyirmi yaşlarında olmasına baxmayaraq, artıq indiki kukla teatrının binasında yerləşən Bakı Türk İşçi Teatrının aparıcı aktyorlarından idi. Özü dediyi kimi, – Ələsgəri səhnədə gördüm, daha da sevdim, bu sevgi məni həmişəlik teatra bağladı.
Hökümə xanımı teatra bağlayan digər dahi səbəbkar isə Cəfər Cabbarlı olur. Böyük dramaturqun ssenarisi və rejissorluğu ilə “Almaz” filmi üçün aktyor və aktrisalar axtarılır. Təsadüfən Cəfər Cabbarlı fotoqrof vitrinində Hökümə xanımın şəklini görür, onu Yaxşı roluna çəkmək üçün sınaq çəkilişinə dəvət edir və çəkir.
SSRİ xalq artisti Hökümə Qurbanovanın teatrda ilk çıxışı isə 1939-cu ildə Azərbaycan Dövlət Dram Teatrının səıhnəsində Səməd Vurğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı olur və gəlişi ilə milli teatra yeni nəfəs – dərin dramatizm, faciəviliklə dolu nəfəs gətirir. Bu nəfəs teatr tariximizə – “Həqiqətin səhifəsi”nə Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Səməd Vurğunun “Fərhad və Şirin”ində Şirin, Anton Çexovun “Vanya dayı”sında xanım Serebryakova, Viktor Hüqonun “Mariya Tüdor”unda kraliça Mariya, Şekspirin “On ikinci gecə”sində Oliviya, “Qış nağılı”nda Hermiona, “Antoni və Kleopatra”da Kleopatra, Fridrix Şillerin “Orlean qızı”nda Janna D” Ark, Çingiz Aytmatovun “Ana torpaq”ında Tolqonay və neçə-neçə yaddaşlarda nəsildən-nəsilə yaşadılan unudulmaz səhnə inciləri bəxş edib.
ŞEKSPİR TEATRINA MƏNSUB OLAN AKTRİSA
Aktyor və aktrisanın böyüeklüyü, təkrarolunmazlığı ona müraciət edən rejissorlardan bəlli olur. Bu baxımdan, \Hökümə xanım xoşbəxt aktrisa idi. Onunla işləmək bütün rejissorların arzusu olub. SSRİ xalq artistləri Adil İskəndərov, Mehdi Məmmədov üçün də, xalq artistləri Tofiq Kazımov, Məhərrəm Haşımov, bir çox rejissorlar üçün də. Çünki Hökemə xanımın iştiraki artıq tamaşanın uğuru demək idi.
Teatr aləmində belə bir söz var – oynadığın rolları sadala, sənin necə sənətkar iolduğunu deyim. Hökümə Qurbanovanın Şekspir dramaturgiyasında oynadığı rolları sadalamaq kifayətdir ki, bu günün və sabahın teatrsevərləri onun hansı diapazonlu aktrisa olduğunu yaddaşlarda canlandıra bilsinlər. Şekspir dramaturgiyası hər bir teatr üçün sınaq məktəbi, özünütəsdiq meydanı olub. Dünyanın ən böyük aktyorları məhz Şekspir rolları ilə özlərini əbədiləşdiriblər. Böyük fransız tragik aktrisası Sara Bernar hətta 1899-cu ildə Hamlet rolunda da çıxış edib. Yeri gəlmişkən, Hökümə xanımın da arzusu Hamlet olub. “Hamlet” teatr sənətinin zirvəsi sayılır və buna görə də istər aktyorlar, istərsə də nadir istedada malik olan aktrisalar bu zirvəni fəth etməyə çalışıblar. Hökümə xanımın da Şekspir dramaturgiyasında yaratdığı Oliviya, Hermiona, Kleopatra və Ledi Maqbeti bir aktrisanın bioqrafiyası çərçivəsindən çıxıb, milli teatrımızın tarixinə çevrilib.
Azərbaycan tamaşaçılarını Şekspir ifası ilə razı salmaq o qədər də asan deyil. Çünki bu ənənənin dərin kökləri vardır. 20-30-cu illərdə səhnəyə qoyulan “Hamlet”, “Otello”, “Maqbet”, “Kral Lir”, “Romeo və cülyetta”, “Şıltaq qızın yumşalması” tamaşaları Hökümə Qurbanıva sənətini sevməyə başlayan tamaşaçıların xatirində hələ də yaşayırdı.
Hökümə xanımın oynadığı “On ikinci gecə” tamaşası barədə SSRİ-nin baş qəzetlərindən olan “İzvestiya” 19 may 1946-cı il nömrəsində yazırdı: “Azərbaycan səhnəsində “On ikinci gecə” dahi dramaturqun əsərinin ən yaxşı interpretatoru olan Sovet teatrının yeni müvəffəqiyyətidir”.
”Kommunist” qəzeti isə yazırdı: “İfaçılar arasında hamıdan əvvəl Oliviya rolunun ifaçısı Hökümə Qurbanovanı qiymətləndirmək lazımdır. Öz kədərində belə gözəl görünən Oliviya – Qurbanova özünün odlu məhəbbətində daha gözəl və cazibədardır”.
Aktrisa bu rolla Şekspir sınağşndan müvəffəqiyyətlə çıxaraq özünü monumental klassik rolların məharətli ifaçısı kimi təsdiq etdi.
1955-ci il oktyabrın 20-də Şekspirin “Qış nağöılı” əsərində Hökümə xanım növbəti uğurunu qazandı.
Bu əsər dramaturqun dünya teatrları tərəfindən az-az tamaşaya qoyulan və nadir hallarda uğur qazanan əsərlərindəndir. Mürəkkəblik ondadır ki, bu əsərdə iki dünya paralel yaşayır – reallıq və fantastik nağıl. Bu əsərdə eyni vaxtda iki q\əlb döyünür – pafos patetika, poeziya və lirika. Və nəhayət, bu əsərdə iki sima üzbəüz durub – qısqanclıq və məkr, romantika və ülvilik.
Bu mürəkkəb əsərin sınağından da Hökümə xanım uğurla çıxır.
Tbilisidə qastrolda olarkən “Zarya Vostoka” qəzeti yazırdı: “Hermiona rolunun ifaçısı H. Qurbanovanı cəsarətlə bakılı qonaqların göstərdikləri tamaşanın canı, qəlbi adlandırmaq olar. Təhqir edilmiş bu ana və zövcə obrazı misilsiz bir nəcibliklə əlamətdardır. Görkəmli aktrisanın son dərəcə zərif plastikasına qəlbən valeh olursan”.
Bu sətirlər bir daha göstərir ki, artıq Hökümə xanım qırx yaşlarında dünya teatrı miqyasında hörmətlə qəbul edilən böyük aktrisa idi.
1975-ci ildə mən “Qış nağılı”nı tamaşaya qoyanda xalq artisti Böyükxanım Əliyeva Hermiona rolunu oynamaq arzusunu bildirdi. Mən soruşdum ki, niyə məhz bu rolu oynamaq istəyir? Gözləyirdim ki, aktrisa traktovkadan, əsərdən danışacaq. O isə şirin xəyallara dalıb dedi, – Mən uşaq vaxtı Hökümə xanımın ifasında bu tamaşaya baxmışam. O, son səhnədə 40 dəqiqə heykəl kimi dayanıb tyərpənmədi. Bütün tamaşaçılar elə bildilər ki, bu, həqiqətən də Hermionanın heykəlidir. Finalda heykəl canlananda zalı şok vurdu. Hamı elə sevinirdi ki…
Belə bir heykəli görməmiş cahan,
Həyat ətri gəlir dodaqlarından.
Pərişan gözləri süzür dörd yanı,
Canlıdır o! Süzür yeri, asimanı.
De, mehriban mələk, de, omusan sən?
Tilsimli, sehirli cadumusan sən?
Bəli, Hökümə xanımın nəinki oyunu, həta heykəl kimi tərpənməz duruşu belə gənc aktrisaları məftun edib, yeni sənət arzularına həvəsləndirirdi.
Hökümə xanımın şah rollarından biri Şekspirin “Antoni və Kleopatra” əsərində Kleopatra, digəri də Viktor Hüqonun “Mariya Tüdor” dramındakı Mariyadır.
Onun Kleopatrası bətəni Misirin müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamaq üçün yeganə silahı olan əqli və gözəlliyini bu döyüş meydanında qurban verir. Nəticədə qəsbkar Roma imperiyasının sərkərdəsi Antoninin ürəyini və ağlını, sərkərdəlik qabiliyyətini də öz gözəlliyinə əsir edir. “Siyasət və məhəbbət” toqquşmasından yaranan bu böyük faciə aktrisanın ifasında əlçatmaz zirvəyə qaldırılır.
Hökümə xanım Kleopatra rolu ilə bağlı mənə maraqlı və kədərli bir xatirə danışmışdı. Bir qrup SSRİ xalq artistləri, görkəmli rejissor və teatrşünaslar İngiltərəyə yaradlıcılıq ezamiyyətinə göndərilirlər. Nəhayət ki, aktrisa arzusunda olduğu “Şekspir evi” adlanan Londonun “Old Vik” teatrına gəlir. Onlara zəmanəsinin böyek rejissoru Piter Xolla görüşmək nəsib olur. Görüş maraqlı söhbətlər, sual-cavablar şəraitində keçir. Birdən ingilis rejissoru soruşur ki, sizlərdən kim şekspir qəhrəmanını oynayıb? Hamı susur… Hökümə xanım da susur… Yanında duran yaşlı, o dövrün çox nüfuzlu rus teatrşünası ona pıçıldayır ki, “mən” desin. Hökümə xanım cəsarət etmir. Onda teatrşünas Hökümə xanımı Piter Xolla göstərib deyir, – Bu xanım Kleopatranı oynayıb. Rejissor Hökümə xanıma baxıb tərcüməçidən xahiş edir ki, o, yaylığını açsın. Hökümə xanım yaylığını açır. Rejissor diqqətlə aktrisaya baxıb deyir ki, saçlarını da açıb töksün. Hökümə xanım Kleopatra üçün uzatdığı saçları açıb tökür. Rejissor heyrətlə soruşur – Hansı səhnəni göstərə bilərsiz? Aktrisa fikirləşmədən Kleopatranın ən mürəkkəb səhnəsi olan yataq otağşndakı tək çılğın, qısqanclıq səhnəsini deyir. Rejissorun əmri ilə tez bir zamanda həmin teatrın repertuarında olan tamaşanın dekorlarını qururlar.
Aktrisa hamını valeh edir. Piter Xoll tərcüməçiyə deyir ki, aktrisaya deyin, mən onunla ikiillik kontrakt bağlamaq istəyirəm. Hökümə xanım susur… Arzusunu büruzə verə bilmir… Onun müstəqil qərar verməyə ixtiyarı yox idi. Çünki o vaxt xaricə, xüsusən də kapitalist ölkəsinə gedəndə hər qrupun içində xüsusi şöbənin bir “dyadya Fedya”sı olurdu və o, icazəsiz qərar üstündə, qayıdandan sonra lazımi yerə elə xarakteristika verərdi ki, sənətkarın üzünə xaricin qapıları ömürlük bağlanardı. Piter Xoll vəziyyəti anlayıb deyir, – Mən Moskvaya müraciət edəcəyəm. “Old Vik”in dördmərtəbəli binası hündürlüyündə sizin Kleopatra obrazında reklamınızı asdıracağam.
Hökümə xanım vətənə dönür, həsrətlə dəvəti gözləyir, gözləyir və ümidini üzür. Sonra, çox-çox sonra mötəbər vəzifə sahibi ona deyir ki, siz Londondan qayıdandan iki ay sonra dəvət gəldi… Gizlətdik… Elə bildik ki, gedərsiz, bir daha qayıtmazsınız…
HƏYATA KEÇMƏYƏN NAKAM ARZULAR
“Maruya Tüdor”da isə hamının qeyd etdiyi kimi, Hökümə xanım zalım ingilis kraliçası “Qanlı Mariya” obrazını – şahanə səhnə davranışı, gözəl zahiri görünüşü, həyəcan dolu cingiltili səsi, odlu, alovlu daxili və bitkin aktrisalıq məharəti ilə əsl faciəvi səhnə incisini yaradıb.
Əməkdar artist Əli Nur ilə Hökümə xanımı xatırlayarkən bu tamaşa ilə bağlı maraqlı bir hadisəni yada saldıq.
Dram teatrında mən “Yad adam”ı tamaşaya qoyandan sonra ictimai baxışda ilk sözü alıb tamaşa bvarədə xoş sözlər deyən Hökümə xanım oldu. Tamaşama verdiyi qiymətə görə ona ömrüm boyu minnətdar olacağam. Aktrisa bu tamaşadan sonra mənimlə işləmək arzusunu bildirdi. Mən gündə bir pyes oxuyub ona təqdim edirdim. O isə təmkinlə bu klassik obrazların arasında öz rolunu axtarırdı. Nəhayət, Ostrovskinin “Tufan” və Bayronun “Sardinapal” faciələri üzərində dayandıq. Bir də onunla televbiziya tamaşası hazırlamaq istəyirdim. Burda da Ostrovskinin “Günahsız müqəssirlər” əsəri üzərində dayandıq. Mən bu fikrimi televiziya rejissoru Ramiz Mirzəyevə deyəndə, o dedi ki, televiziyada Hökümə xanımın bir samballı işi yoxdur. Bunu etsən, televiziyaya böyük hədiyyə etmiş olarsan.
Mən bu sözlərdən sonra daha da həvəslə bu proyektə girişdim. Hökümə xanım çox tərəddüd edirdi. Çünki bu əsərin baş rolu aktrisa Kruçinina əvvəlcə gənc olur, sonra məhşur nakam aktrisa. Mən ona traktovkamı danışdım. O, razılaşdı, dedi ki, kinoda olan kimi bir parça çəkək, baxım, sonra qərar gəlim. Belə də razılaşdıq. “Tufan”da Kabanixanı, “Sardinapal”da isə sevgilisi şaha görə özünü alovda yandıran kənizi oynamalı idi.
Bu müddətdə mən 1982-ci ildə “Afət”i hazırladım. Tamaşa Hüseyn Cavidin 100 illiyinə həsr olunmuşdu. Deyilənə görə uğurlu alınmışdı. Tamaşaya baxan M. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, \əməkdar elm xadimi Əziz Şərif rəy dəftərinə bu sözləri yazdı: “Bu axşam Sumqayıt teatrında baxdığım tamaşa uzun müddət mənim yadımdan çıxmayacaqdır. Zənnimcə, bu tamaşa müasir teatrımızın tarixində ən parlaq səhifələrindən birini təşkil edəcəkdir. Arzum budur ki, bu tamaşa Bakıda, Əzizbəyov adına Dram Teatrında da göztərilsin ki, tamaşaya mamkan qədər çox tamaşaçı baxa bilsin, gənc teatrımızın cə gənc artist və incəsənət xadimlərimizin yüksək səviyyəli, fədakar işini qiymətləndirə bilsin.
Öz tamaşanızla məftun etdiyini qoca Əziz Şərifin təşəkkürünü qəbul edin! “ (Əsli H. Cavid adına ev muzeyində).
Əziz Şərifin arzusunu nəzərə alıb növbəti tamaşanı Bakıda, Musiqili Komediya teatrının binasında göstərdik. Hökümə xanımı da dəvət etdim və bu dəfə özüm üçün onun yeni keyfiyyətini kəşf etdim. O, böyük sənətkar olduğu qədər də sadə, sadədən də sadə idi.
Tamaşa bitdi… Zalın qapıları açıldı… Mən foyedə Hökümə xanımı və qızı Vəfa Fətullayevanı gözləyirdim. O, ağlayırdı. Məni görüb dedi, – Hanı o? O mənimlə nə etdi? – Mən onu kulis arxasına apardım. Təbriklər alan aktyorlar onu bu vəziyyətdə görüb dondular. O, bir də sualını təkrar etdi – Hanı o? – Mən gənc aktrisa Hicran Mehbalıyevanı göstərdim. Hökümə xanım qarşısında farağat duran aktrisaya baxıb dedi – Bu?! – Və birdən diz çöküb onun əlini öpdü. Hamı şok vəziyyətinə düşdü…
Əli Nur o hadisəni xatırlayanda dedi ki, Hökümə xanımın özü ilə də eyni hadisə baş verib. Ələsgər Ələkbərovdan ayrılandan sonra “Mariya Tüdor” tamaşasına baxan və uzun müddət küsülü qalan səhnəmizin “Otello” və “Vaqif”i qrim otağına gəlib göz yaşları içində Hökümə xanımın sənəti qarşısında diz çöküb, barışıblar.
Bu xatirə-yazı ilə əlaqədar Mariya rolunun ən böyük ifaçısı Sara Bernar barədə oxuyarkən eyni hadusənin şahidi oldum. Müəllif Viktor Hüqo 1877-ci il noyabrın 21-də aktrisanın sənəti qarşısında baş əyərək ona yazır: “ Madam! Siz öz əzəmətinizlə valehedici idiniz. Siz məni, köhnə döyüşçünü o dərəcədə həyəcana gətirdiniz ki, bir yerdə kədərlənən və məftun olan tamaşaçılar sizi alqışlayanda mən ağlayırdım. Mənim qəlbimdən qopardığınız bu göz yaşlarını sizə hədiyyə edirəm və sizin qarşınızda baş əyirəm”.
Mən özüm üçün bu həqiqəti kəşf etdim – ancaq dahilər gözəl sənət əsəri qarşısında diz çöküb baş əyirlər. İstedadsızlara bu səadət nəsib deyil.
Çox-çox təəssüflər olsun ki, bu böyük aktrisa ilə işləmək mənə nəsib olmadı. “Maqbet” tamaşasında belə imkan yaranmışdı. Dram teatrında SSRİ xalq artisti R. Kaplanyan bu əsəri hazırlamalı idi, bir şərtlə ki, ona köməkçi verilməli idi. Teatrın o zamankı sərəncamçı-direktoru Maqbet Bünyadov mənə dedi ki, qonaq “Yad adam”a baxıb xoşu gəlib. İstəyir ki, sən ikinci rejissor olasan. Mən razı olmadım. Bir neçə gündən sonra dedi ki, qonaq razıdır, sən quruluşçuu rejissor ol, bədi rəhbər o. Mən yenə razı olmadım. Deməli, işləyən mən olmalı idim, o isə gəlib istədiyi dəyişikliyi edən. Sonra Kaplanyan vaxtın olmamasını bəhanə gətirib “Maqbet”dən imtina etdi. Görünür, qismət belə imiş.
SƏNƏTİN ƏZABLI YOLLARI İLƏ
Hökümə Qurbanovanın sənət yolu hamar olmayıb. Böyük tragik Edmund Kin deyib ki, o sənətkarın ki, bədxahı, düşməni yoxdur, deməli, o, həqiqi sənətkar deyil. Tale elə gətirir ki, mütləq “Motsart”ların yanında bir “Salyeri” olur.
Qış gecələrinin birində Hökümə xanımın evində oturub yaradıcılıq planlarından söhbət edəndə o, ürəkağrısı ilə iki hadisəni danışdı. Aktrisa adəti üzrə tamaşadan əvvəl tək səhnədə mizanlarını təkrar edərdi. “Orlean qızı” Janna D”Arkın geyimində mizanlarını keçib dəmir qurğunun üstünə qalxır. Mizana görə bir metr hündürlüyündə olan qurğunun üstündən dizi üstə səhnəyə atılıb xalqa müraciət edən monoloqunu deməliymiş. Birdən səhnənin döşəməsinə sərilən örtüyün dik olmasını görür. Yoxladıqda nəsə iti bir əşyanın olduğunu hiss edir. Səhnə maşinisti rəhmətlik Ağakərimi çağıtdırır. Örtüyü qaldıranda qırıq butulka altını görür. O həmən yer idi ki, tamaşa vaxtı aktrisa dizləri üstə məhz o yerə düşməli idi.
Bu hadisə mənə də dərs oldu. Hər tamaşadan əvvəl özüm səhnəni yoxlayıram. Ona görə yox ki, bədxah hadisə ola bilər, ona görə ki, səhlənkarlıq ucbatından fəlakət baş verə bilər.
İkinci xatirə isə Səməd Vurğunun “İnsan” tamaşası ilə bağlıdır.
1973-cü ildə Azərbaycan teatrının 100 illiyi ilə əlaqədar teatr xadimlərinə üç “SSRİ xalq artisti” fəxri adı nəzərdə tutulur. İsmayıl Osmanlı və İsmayıl Dağıstanlının namizədliyi qətiləşir. Qalır Mehdi Məmədovun məsələsi. Başda hörmətli Heydər Əliyev olmaqla ölkə rəhbərliyi tamaşaya gəlir. Mehdi Məmədov tamaşanın quruluşçu rejissoru olmaqla yanaşı, həm də baş rol – Şanbazın ifaçısı idi. Tamaşada alman faşistləri kəndi zəbt edir və kef məclisi qururlar. Onlara qulluqçuluq etmək məcburiyyətində qalan qadına əmr edirlər ki, gedib paltarını dəyişib rəqsə gəlsin. Hökümə xanım paltarını dəyişmək üçün qrim otağına tələsir. Vaxt çox az idi. Birdən dəhşətə gəlir. Hansı bədxahsa xəlvəti qapını açıb , paltarı arxadan kəsib korlayıb. Kostyumçu özünü itirir. Bunu edən güman edirmiş ki, Hökümə xanım əsəbiləşib oynaya bilməyəcək. Aktrisa başa düşür ki, bu, Mehdi Məmmədova vurulan zərbədir. Paltarı dəyişir, cırıq yeri görünməsin deyə üstündən plaşı geyib səhnəyə çıxır. Əsəb, göz yaşları içində tamaşanı başa vurur. Sonra ölkə rəhbərliyi kulis arxasına gəlib hamını təbrik edir. Hökümə xanım narahatçılıq içində əsəbini gizlətməyə çalışır. Birdən Heydər Əliyev ondan soruşar ki, siz getdiniz paltarınızı dəyişməyə, amma yenə köhnə plaşda səhnəyə qayıtdınız, niyə? Aktrisa dəfələrlə eşitmişdi ki, o teatrı həta teatrşünaslardan da yaxşı bilir. Elə bunas görə də Hökümə xanım narahat idi ki, bu onun nəzərindən qaçmaz və baş verə hadisə bəlli olar. Çox güman ki, respublika rəhbəri bunu duyur, lakin Hökümə Qurbanova və Mehdi Məmmədovun sənətinə olan hörməyini hər şeydən üstün tutur. Hökümə xanım danışdı ki, Zərifə xanım mənim tutulduğumu görüb dedi: “ Aktrisa ağır tamaşadan çıxıb,Ş icazə verin gedib dincəlsin”. Və mən azad nəfəs aldım. Aktrisa qrim otağına qayıdır. Bu vaxt Mehdi müəllim rəngi ağarmış halda otağa daxil olub deyir: “ Hökümə xanım, siz məni xilas etdiniz!”
Bədxahlar istədiklərinə nail ola bilmirlər. Bilmək olmazdı ki, rəhbərlik bu hadisədən xəbərdar olsaydı, nə olacaqdı?
VƏFANIN VƏFASIZLIĞI
Hökümə xanımın son vaxtlar qəmli gülər üzünü heç vaxt unuda bilməyəcəyəm. Bu, səhnədə məğrur obrazlar yaradan, həyatda isə ruhən sınmış ananın ümidsiz gözləri idi.
Mən dram teatrında Evripidin “İfigeniya” əsərinin məşqlərinə başladım. Klitemnestra rolunu Vəfa Fətullayevaya verdim. Aktyorlar təklikdə mənə dedilər ki, işin yarımçıq qala bilər. Mən isə bunu ciddi qəbul etmədim. Elə düşündüm ki, sənət bütün xəstəliklərə qalib gəlmək iqtidarındadır.
Hər dəfə Musiqili Komediya Teatrının qaopısı ağzında əli əsalı, iflic olmuş Həsənağa Salayevin taburetka üstə oturub qəmli-qəmli gəlib-gedənə başdığını görəndə əsəbiləşirdim ki, niyə ona rol vermirlər, bəlkə rol oynasa sağalacaq? Mənə dedilər ki, o, çox qürurlu insandır, belə vəziyyətdə səhnəyə çıxmaz. Amma mən inanırdım… Daha doğrusu inanmaq istəyirdim.
Rol üzərində iş vaxtı Hökümə xanım da iştirak edirdi. O da ümid edirdi ki, Moskvada, Kreml xəstəxanasında müalicədən sonra Vəfa tam sağalacaq. Əsas məşqləri Moskvadan sonraya saxlayaq. Sonra, çox-çox sonra Hökümə xanımı xatırlayarkən bildim ki, o, artıq daxilən sınmış insan idi. Ümidsiz…
Vəfa öz “vəfasızlığı” ilə əvvəlcə atası, xalq artisti Nüsrət Fətullayevi, sonra nənəsi Malikat xanımı, sonra da Hökümə xanımı apardı. Vəfa bu ailəni bu dünyada yaşadan yeganə “Vəfa” idi.
EPİLOQ ƏVƏZİ
Hökümə Qurbanovanın yaratdığı obrazları səciyyələndirən xüsusiyyətlər – əzəmətli xarakter, tükənməz boyalar, dərin və ziddiyyətli dramatizm vulkan kimi püskürən emosionallıq bvə ürəkləri riqqətə gətirən zəriflik idi. O, müasir əsərdə də monumental idi, klassikada da.
Bunun başlıca səbəbi isə şəxsiyyətin monumentallığında idi. Əgər tamaşaçıya emosional təsirin səviyyəsini göstərən ölçü cihazı olsaydı, şübhə yox ki, Hökümə xanımın səhnədən tamaşaçıya yönəltdiyi təsir gücü teatr tariximizin ən təsirli və möhtəşəmlərindən olardı.
Ömrünün yetmiş ilini milli teatrımıza həsr edən, canlı teatr ensiklopediyası, xalq artisti Muxtar Avşarov Hökümə xanımı belə xatırlayır:
“ Qeyri-adi şəxsiyyət sahibi idi! Onda olan duruşu, səsi, səhnə mədəniyyətini, temperamenti ikinci bir aktrisada görmədim. Həyatda da ciddi idi, səhnədə də. Tamaşaya bir saat qalmış gələr, geyinər, qrimlənərdi. Həyatda isə qətiyyən üzünə-gözünə çəkməzdi. Heyif ki, kinoda samballı bir rola çəkilmədi. Teatrı kinodan üstün tuturdu. Dəvətlər alırdı. Həta “Mosfilm”dən də dəvət almışdı. Teatrın 100 illiyi münasibəti ilə Moskvada “Malıy teatr”da olarkən mənə İ. Smoktunovski və İ. İilinskinin qrim otağını vermişdilər. İilinski Hökümə xanımın ifasında “İnsan”a baxmışdı. Dedi ki, Hökümə xanım böyük aktrisadır. Heyif ki, ətrafı onun səviyyəsində deyil”.
Sonra Muxtar dayı Moskva qəzetlərini göstərdi. Teatr dünyasının “Məkkə”si sayılan Moskva qəzetlərinin rəyi bir daha onun böyük aktrisa olduğunu təsdiq edir.
“Sovetskaya kultura” – “ H. Qurbanova Səhərin parlaq obrazını yaradıb… Onun ifası insanui və qəhrəmani keyfiyyətlərlə, zərif cizgilər və incə psixologizm ilə fərqlənir”.
“Pravda” – “Səhər rolunun ifaçısı Hökümə Qurbanovanın oyunundakı səmimilik və xalislik hamı üçün örnəkdir”.
İncəsənətin növləri içərisində ən kövrəyi və vəfasızlığa düçar olanı səhnə sənətidir. Bütün sənət növlərində yaradılanlar yaradanından sonra yaşamaq hüququ alırlar. Amma teatr sənətində yox. Tamaşa röya kimi görünüb, röya kimi də yoxluğa qovuşur. Duman kimi, çən kimi… Yeganə sənət növüdür ki, təkrarı gəlmir. Buna görə də əfsanələr kimi yaddaşlarda yaşatmaq hər birimizin borcudur.
Hökümə xanımın iyirmi il əvvəl müsahibəsində dediyi sözlər bi gün də müasir və aktualdır:
“Teatr mənim həyatım, varlığım, ömrüm-günümdür. Mən teatra və onun gələcəyinə inanıram. Buna görə də onun problemlərindən soyuqqanlı, sakit danışa bilmirəm. Problerm isə çoxdur: aktyor və rejissor işi, repertuar məsələsi, teatrın daxili və yaradıcılıq məsələləri, tamaşaçı tərbiyəsi. Biz çoxdandır ki, bu problemlə məşğul olmuruq. Tamaşaçının hazırlığı ilə, onun zövqünün, sənəti qavramaq bacarığının tərbiyəsi ilə kifayət qədər məşğul olmuruq. Yaxşı pyeslər, aktyorlar və rejissorlarla bərabər teatrın inkişafı üçün yaxşı tamaşaçılar da yetişdirməliyik”.

Oruc İzzətolu-Qurbanov
Əməkdar İncəsənət Xadimi
“Qızıl Dərviş” mükafatı laureatı

GÜNAY 13 şənbə 29 mart 2003-cü il.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
SƏHNƏMİZİN JANNA DARKI

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!