Əməkdar artist Bəhram Bağırzadənin rayonluları təhqir etməsi ilə bağlı sözləri günlərdir müzakirələrə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, bir çox tanınmış aktyoru “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar” sözlərinə görə tənqid atəşinə tutulub.
Xalq artisti Brilliant Dadaşova alim Rəşid Mahmudovun “Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər” sözlərinə şərh yazıb.
“Bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər? Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan, bu nə sözbazlıqdır yayırsınız? Bu ataya Bəhramın sözlərini kim tərs anladıb? Bakı hamımızın gözəl paytaxtı, canımızdır. Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdinin? Musa Nağıyevin? Yusif Dadaşovun damı? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan, bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız” deyə, Dadaşova əlavə edib.
Müğənni-bəstəkar Murad Arif isə məsələyə “Yenə lentamız “Moşu-Sööda” qarşıdurmasına çevrilib. Məncə, bu dəxlisiz rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır” sözləri ilə reaksiya verib.
Aparıcı Murad Əzimzadə isə “Rayonlu-şəhərli söhbəti etmək kəndçilikdir” deyə, status paylaşıb.
Qeyd edək ki, B.Bağırzadə “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” sözlərini söyləyib.