
“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildi təqdim edilib - FOTO

“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildi təqdim edilib - FOTO
“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildi təqdim edilib.
APA xəbər verir ki, adıçəkilən kitab “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfransında təqdim olunub.
Bildirilib ki, digər iki cilddə olduğu kimi, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsəri Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin müəllifliyində hazırlanan “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildində də Qərbi Azərbaycanla bağlı daha 144 maddi-mədəni irs nümunəsi tədqiq olunub. Hər üç elmi tədqiqat əsərində həmin abidələrin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun olaraq onların reyestri verilib.
Qeyd edilib ki, Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 abidəni tədqiq etməyə nail olunub.
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı III cildin hazırlanması 144 maddi-mədəni irs nümunəsinə vəsiqə verilməsi deməkdir: “Kitabın üz qabığında əksini tapan foto-Murov, Alagöz və Ağrı dağına sülhlə dönüş əks olunub. Göründüyü kimi, dağları aşaraq bir-birinə qovuşan xalqımızın çoxəsrlik yurd sevgisi və həsrəti bir idealda birləşir. “Dənizdən-dənizə” mifini “real Ermənistan”a çevirməyə məcbur olan ermənilərə qarşı azərbaycanlıların Üç Dağın İttifaqı idealı qarşı qoyulub!
“Qayıdış ensiklopediyası” seriyası ilə yazılan üç elmi əsərin müəllifi Əfqan Vəliyev 532 abidəni tədqiq edərək, ilk dəfə 20 kateqoriya üzrə qərbi azərbaycanlılara məxsus 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, ümumilikdə 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verib. Ümidvarıq ki, Mədəniyyət Nazirliyi indi təqdim olunan irs nümunələrini vahid milli fonda daxil edəcək”.
“Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlanan III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafık-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib.
144 abidənin tədqiq edilərək, müvafiq xüsusiyyətlərinə əsasən, təsnif olunduğu tədqiqat işində öz əksini tapan maddi-mədəni abidələrin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim, sonrakı toponim), təsnifatı, növü, təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür.