Sizin Reklamınız Burada ola bilər!
featured

“Qazi yol qəzası törədib 3 maşını əzdi, sonra hamını söydü”

Saatlı rayonunda Qarabağ qazisi olan, iki ayağı amputasiya olunmuş şəxs idarə etdiyi “Mitsubishi” markalı avtomobillə qəza törədərək, yol boyu bir neçə şəxsin maşınına ciddi zərər verib. Hadisə barədə Bizimyol.info-ya bir neçə mənbədən məlumat daxil olub. Verilən məlumata görə, zərərçəkənlərdən biri taksi sürücüsü, biri rayonun polis rəisinin müavini, digəri isə rayon sakini olub.

Zərərçəkənlərdən biri, Saatlı rayon sakini Mehrab Hüseynov da redaksiyamıza müraciət edərək bildirib ki, “Mehdiyev Həsən Rəcəb oğlu ona verilmiş “qazi” statusundan sui-istifadə edir”. Onun sözlərinə görə, Mehdiyev Həsən avtomobillərini əzdiyi şəxsləri təhqir edib, ailə fərdlərinin ünvanına ağır, nalayiq ifadələr işlədərək oradan ayrılıb: “Ondan sığortanın gəlib vəziyyətə baxış keçirməsini tələb etdim. Ancaq o, həm icra başçısının, həm rayonun polis rəisinin, həm də zərərçəkənlərin ünvanına, ailə fərdlərinə qarşı ağır söyüşlər söydü. Deyir, “mən qaziyəm, sizin üçün cəbhədə döyüşmüşəm, can qoymuşam, heç kim mənə heç nə edə bilməz”. Özünün də iki ayağı yoxdur, ancaq protez ayaqlarla yolda yüksək sürətlə avtomobil idarə edir. İdarə etdiyi “Mitsubishi” markalı maşınla mənim, polis rəisi müavininin və başqa bir taksi sürücüsünün avtomobilinə çırpılaraq ciddi zərər vurub. Daha sonra da başladı hamımızı təhqir etməyə”,– deyə, rayon sakini Mehrab Hüseynov bildirib.

Digər hadisə şahidlərinin dediyinə görə, bütün bunlar baş verdiyi müddətdə polis əməkdaşları kənarda dayanıb müşahidə etməklə məşğul olublar. Onların sözlərinə görə, hər kəsə aydın idi ki, Mehdiyev Həsən Rəcəb oğlu alkoqol testindən keçirilməlidir. Amma sonradan polis əməkdaşları ona yaxınlaşıb sakitləşdiriblər və nə qədər qəribə səslənsə də, elə polislərin gözü qarşısında özünün əzilmiş maşınına minib çıxıb gedib. Amma iş bununla da bitməyib. Şahidlərin sözlərinə görə, Mehdiyev Həsən Rəcəb oğlu sonradan rayonun mərkəzi küçələri ilə aramsız olaraq səs siqnalı verə-verə avtomobili təhlükəli şəkildə sürərək ətrafdakı insanlarda vahimə yaradıb.

Bundan başqa, şahidlər iddia edirlər ki, zərərçəkənlərdən biri – ağsaqqal taksi sürücüsü kənarda dayanıb heç nə deməsə də, qəfildən qazi onun da yaxınlarını nalayiq söyüşlərlə söyməyə başlayıb: “Ağsaqqal sürücü boynunu büküb yalnız onu dedi ki, “ay bala, mən sənə nə dedim ki?.. Niyə mənim xətrimə dəyirsən?””.

Qeyd edək ki, yol-nəqliyyat hadisələrində “qazi” statusu daşıyan şəxslərin adlarının hallanması ilk hadisə deyil. Bu statusu daşıyan bəzi “qazi”lər həmin ünvandan sui-istifadə edərək yollarda ciddi qayda pozuntularına yol verirlər, nömrəsiz avtomobil idarə edirlər və ümumiyyətlə, onlara göstərilən irada da çox kobud və nalayiq ifadələrlə qarşılıq verib “mən qaziyəm, sizin üçün döyüşmüşəm” cümlələrinin arxasında gizlənirlər. Yaxşıdır ki, belələrinin sayı azdır, qazilərin böyük əksəriyyəti daşıdığı ada hörmətlə yanaşır, bu statusdan sui-istifadə etmir. Bu adı gözdən salanlar isə ləyaqətli, öz mənliyini, mənəviyyatını təmiz saxlayan, “Qazi” adını uca tutan başqa müharibə iştirakçılarının da adının ləkələnməsinə səbəb olur, cəmiyyətimizdə bu statusa olan dərin hörmət və ehtiramın azalmasına yol açırlar. Polislər də belə vəziyyətlərdə tərəddüd edirlər. Amma dərindən düşündükdə polis əməkdaşlarını da başa düşmək olur. Ehtiyat edirlər ki, qazi hansısa “impulsiv” hərəkətlərə əl ata bilər və sonradan sosial şəbəkələrdə elə biz də daxil olmaqla hamımız məhz həmin polis əməkdaşlarını ittiham edəcəyik…

Mehdiyev Həsən Rəcəb oğluna gəlincə, araşdırmamız göstərir ki, o, ən çox qayğı görən qazilərdən biridir. Onun bütün müalicə xərcləri “Yaşat” Fondu tərəfindən ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun valideynlərini də özünüməşğulluq proqramı ilə təmin edib. Həmçinin mövsümi işləyən qardaşının da işlə təmin olunması üçün Nazirlik tərəfindən tədbirlər görülüb. Müxtəlif ictimai təşkilatlar da ona hər zaman dəstək olublar. Yerli sakinlərin sözlərinə görə, əhali də hər zaman onun hörmətini saxlayıb, mağaza sahibləri də həmişə imkanları daxilində ona güzəştlər ediblər. Bundan başqa, qazi Mehdiyev Həsən Rəcəb oğlu dövlət büdcəsi vəsaitləri hesabına pensiya və müavinət alır. Ona göstərilən və göstərilməkdə olan bütün qayğıların xərclərini isə təbii ki, vergi ödəyiciləri olaraq Azərbaycan xalqı ödəyir. Qazilərə qayğı ən yüksək səviyyədə olmasa da, hazırda xalq və dövlət olaraq bacardığımızı edirik. Bu status heç kimə əsas vermir ki, başqalarının əmlakına zərər vurub heç bir günahı olmayan ailə üzvlərini təhqir etsin.

Məlumat üçün bildirək ki, redaksiyamıza ünvanlanan bu müraciət əsasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu vermişik. İlkin cavabda bildirilib ki, məlumat bölgə üzrə nümayəndəyə göndərilib, araşdırma aparılacaq və hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumat veriləcək.

P.S. Yazı yayıma hazırlanarkən son anda DİN-dən sorğumuza daha bir cavab gəldi. Həmin cavabı olduğu kimi təqdim edirik:

“Sentyabr ayının 29-da Bakı şəhərində qeydiyyatda olmaqla Saatlı rayonunun Məmmədabad kəndində yaşayan Vətən Müharibəsi iştirakçısı, qazi Həsən Mehdiyev sürücülük vəsiqəsi, eləcə də avtomobil idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi nəqliyyat vasitəsilə Saatlı rayonu ərazisində hərəkətdə olan zaman yolun əks tərəfində dayanmış Saatlı Rayon Polis Şöbəsinə təhkim olunmuş xidməti avtomobillə toqquşub. Toqquşma nəticəsində isə sonuncu avtomobil yol kənarında dayanan digər avtomobillərə çırpılıb.

Qəzadan sonra H.Mehdiyev müayinə olunmaq üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ona qarın boşluğunun küt travması, boynun və saidin iç tərəfinin sıyrığı diaqnozu qoyulub.

Faktla bağlı Saatlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Nizam Həmidov, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı”.

Mətin Şükürlü, Bizimyol.info

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Qazi yol qəzası törədib 3 maşını əzdi, sonra hamını söydü”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica