Ukrayna prezidenti Volodimir Zelenski mülki şəxslərə qarşı hücumlara görə Rusiya ordusunu “qaniçən əclaf və terrorçu” adlandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında yazıb.
Paylaşımda bildirilir: “Terror dövləti Zaporojye, Nikolayev və Dnepropetrovsk vilayətində dinc əhaliyə raket zərbələri endirir. O, raket atan qurğular və pilotsuz uçuş aparatları ilə Ukrayna bölgələrinə zərbələr endirir.
Bunu yalnız terrorçular edə bilər, onların sivil dünyada yeri olmamalıdır. Düşmən qəzəblənir, bizim dönməzliyimizə və öz uğursuzluqlarına görə qisas almağa çalışır. O, dinc ukraynalıları həyasızcasına məhv edir, çünki o, insana xas olan hər şeyi çoxdan itirib.
Qaniçən əclaf! Hər bir itirilmiş həyat üçün siz mütləq ukraynalılara cavab verəcəksiniz”,- deyə Ukrayna dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bu gecə Rusiya qoşunları Dneprə “İskəndər”lərlə zərbələr endirib, nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, nəqliyyat şirkətinə ziyan dəyib və 100-dən çox avtobus yanıb. Bundan başqa, şəhərdə hündürmərtəbəli binalar, idman zalı binaları, mağazalar və inzibati binalara ziyan dəyib.
O cümlədən, düşmənin zərbəsi nəticəsində dağılmış yaşayış binasında 8 nəfər yaralanıb.
Bundan əlavə, sentyabrın 30-da saat 07:00 radələrində Rusiya Zaporojyeyə raket zərbələri endirib. Düşmən 16 raket atıb, onlardan 4-ü ərazidəki avtomobil bazarına və şəhərdə müvəqqəti olaraq işğal olunmuş əraziyə gedən mülki humanitar karvana düşüb.
Növbəyə duran insanlar qohumlarını götürməyi və ya humanitar yardım aparmağı planlaşdırırdılar. Son məlumatlara görə, 25 nəfər ölüb , 62 nəfər xəstəxanaya yerləşdirilib.