
Tədqiqatçı: Müstəmləkə altında olan ölkələrlə bağlı lobbiçilik institutu formalaşdırılmalıdır

Tədqiqatçı: Müstəmləkə altında olan ölkələrlə bağlı lobbiçilik institutu formalaşdırılmalıdır
İstər BMT, istərsə də bir sıra qeyri-hökumət təşkilatları çərçivəsində müstəmləkə şəraitində yaşayan xalqların səsinin eşitdirilməsi istiqamətdə əməli fəaliyyət göstərilir. Prezident İlham Əliyevin COP29-dakı çıxışı buna tutarlı nümunədir.
Sizinxeber.az xəbər verir ki, bunu Ficidəki “South Pacific University”nin tədqiqatçısı Lorens Qonşor jurnalistlərə açıqlamasında deyib.
O, bu çərçivədə daha effektiv fəaliyyət üçün beynəlxalq lobbiçilik institutunun yaradılmasını təklif edib: "Mən Fici adalarını təmsil edirəm. Bizim qonşuluğumuzda kifayət qədər müstəmləkə dövlətləri var. Məsələn, Fransa Polineziyası, Yeni Kaledoniya və digərləri. Hesab edirəm ki, vacib məqam belə ölkələrdə onların maraqlarını beynəlxalq səviyyədə təmsil edəcək beynəlxalq lobbiçilik institutunun formalaşdırılmasıdır. Bu ərazilərin əhalisi uzun müddətdir öz hüquqlarından məhrum bir şəraitdə yaşamaqdadır. Hazırda müstəmləkə şəraitində yaşayan ölkələrin səsini dünyaya çatdırmaq və bunu daha effektiv şəkildə həyata keçirmək üçün orada lobbiçilik institutunun yaradılması zəruridir. İkinci məsələ isə onların müstəsna idarəçilik və müqəddəratını təyinetmə hüquqlarının digər dövlətlər tərəfindən tanınmasıdır. Fransız Polineziyası su sərhədləri boyunca geniş potensiala və çoxsaylı mineral ehtiyatlarına malikdir. Fransa onlara öz təbii sərvətlərindən müstəqil şəkildə istifadə etməyə imkan vermir. Bu da həmin kiçik dövlətlərin zəif siyasi mövqeyindən irəli gəlir. Müstəmləkəçilər üçün həmin dövlətləri daim öz siyasi və hərbi nəzarətində saxlamaq prioritet təşkil edir. Onların öz azadlığına qovuşması çox mürəkkəb siyasi prosesdir".
O, müstəmləkə probleminin qlobal səviyyədə qabardılması üçün görülən işlərdən danışıb. Lorens Qonşorun fikrincə, Azərbaycanın həyata keçirdiyi tədbirlər bu fəaliyyətin əməli sübutudur: "Mən hesab edirəm ki, müstəmləkə şəraitində olan ölkələrin səsinin bütün mümkün platformalardan eşidilməsi, onlara bu imkanların yaradılması zəruridir. Bakı Təşəbbüs Qrupu kimi digər təşkilatlar da bu ölkələrin haqlı mövqeyini daim diqqət mərkəzində saxlamalıdır. Artıq istər BMT, istərsə də bir sıra qeyri-hökumət təşkilatları çərçivəsində bu istiqamətdə əməli fəaliyyət göstərilir. Məsələn, Prezident İlham Əliyevin COP29-dakı çıxışı buna tutarlı nümunədir. Digər ölkə və beynəlxalq təşkilatlar da bundan örnək götürməlidir. Məhz bu tədbirlər beynəlxalq dekolonizasiya gündəminin formalaşmasına dəstək verir".