
Müstəmləkəçiliyə dair beynəlxalq konfransın iştirakçıları ADA Universitetində olub - FOTO

Müstəmləkəçiliyə dair beynəlxalq konfransın iştirakçıları ADA Universitetində olub - FOTO
ADA Universitetində “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr təşkil olunub.
Sizinxeber.az xəbər verir ki, mühazirələr Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın ikinci günündə baş tutub.
ADA Universiteti nəzdində Diplomatiya və İnkişaf İnstitutunun Siyasi araşdırmalar üzrə direktoru Damyan Krnyeviç Miskoviç iştirakçılara beynəlxalq münasibətlər və onların qarşısındakı çətinliklərdən danışıb.
O bildirib ki, ölkələr arasında müxtəlif siyasi və iqtisadi səbəblərdən münaqişələr baş verir. Bu isə dünyanın təhlükəsizlik üzrə təməl prinsiplərinə ziyan vurur: “Beynəlxalq münasibətlər sisteminin ən təhlükəli tendensiyalarından biri müstəmləkə siyasətidir. Belə ki, bir sıra hegemon dövlətlər ərazisinə görə özlərindən kiçik ölkələri müstəmləkə altında saxlayaraq, onların malik olduğu təbii sərvətləri istismar edir. Belə olan şəraitdə müstəmləkəçi ölkələr bu dövlətlərin müstəqillik hüququndan istifadəsində maraqlı olmurlar. Hesab edirəm ki, dünya ictimaiyyəti müstəmləkə şəraitindəki dövlətlərin üzləşdiyi çətinliklərə diqqətlə yanaşmalı və onları gözardı etməməlidir. Bu gün Bakıda təşkil olunan konfrans belə ölkələrin problemlərini daha dərindən anlayaraq, çıxış yollarını müzakirə etmək üçün ideal platformalardan biridir”.
Virciniya adaları hökumətinin sabiq xarici işlər naziri Karlayl Korbin Karib hövzəsi ölkələrinin uzun müddət müstəmləkə şəraitində yaşamasına diqqət çəkib.
O qeyd edib ki, hazırkı dövrdə dünya ictimaiyyəti müstəmləkə dövlətlərinin problemlərinə diqqəti daha da artırmalıdır: “Onlar müxtəlif iqtisadi və sosial qayğılarla üzləşib. Həmin hövzədə yaşayan insanların müstəqillikləri də təhlükə altındadır. Mənim fikrimcə, bununla bağlı öz dəstəyimizi nümayiş etdirməliyik”.
BMT-nin Afrikalılar üzrə Daimi Forumunun üzvü Cun Somer müstəmləkə şəraitində yaşayan ölkələri həbsxanalara bənzədib. O, Afrika qitəsində müstəmləkə münasibətinə məruz qalan ölkələrin öz təbii sərvətlərindən istifadə edə bilməməsinə diqqət çəkib. Əsasən Afrikada və Karib adalarında yaşayan insanların həyatları və üzləşdikləri çətinliklərlə bağlı tələbələri məlumatlandırıb.
Panelin davamında çıxış edən Cənubi Pasifik Universitetin müəllimi professor Lorenz Qonşor müstəmləkələri qarşı mübarizə apardıqları üçün Bakı Təşəbbüs Qrupuna və digər qurumlara təşəkkür edib. O, bu vəziyyətin həlli üçün belə addımların atılmasının əhəmiyyətini vurğulayıb.
Sonda tələbələrlə xatirə şəkli çəkdirilib.