
BTQ-nin icraçı direktoru: Kolonializmlə mübarizənin məqsədi ədalətli və bərabər gələcəyin qurulmasıdır

BTQ-nin icraçı direktoru: Kolonializmlə mübarizənin məqsədi ədalətli və bərabər gələcəyin qurulmasıdır
Kolonializmlə mübarizənin məqsədi ədalətli və bərabər gələcəyin qurulmasıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, bugünkü konfrans müstəmləkəçiliyə elmi yanaşmaları və onu beynəlxalq təşkilatların prizmasından dəyərləndirmələri ilə fərqlənir:
“Zülm altında yaşayan bir çox insan bu platformadan öz səsini eşitdirmək üçün istifadə edib, həmçinin müstəmləkə siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətə təqdim ediblər. Bizim xüsusi üstünlüyümüz ondan ibarətdir ki, bəzi KOB-lar bu məsələdə Birləşmiş Millətlər Təşkilatının strukturlarında birbaşa iştirak edirlər. Kolonializm müasir liderlər üçün təcili çağırışdır”.
A.Abbasov bildirib ki, bu gün hələ də müxtəlif regionlarda kolonializm siyasətinin təzahürlərinə şahid olunur:
“Bəzən siyasi, bəzən isə iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlar üzərindən hökmranlıq edilir, insanlar asılı hala salınır.
Son iki il ərzində kolonializmə həsr olunmuş təxminən 14 beynəlxalq tədbir təşkil etmişik. Biz qəti inanırıq ki, müasir müstəmləkəçiliyin istənilən forması, istər birbaşa, istərsə də dolayı müxtəlif və ciddi beynəlxalq hüquqi mexanizmlərlə, ictimai idarəetmə və çoxtərəfli əməkdaşlıq vasitəsilə aradan qaldırılmalıdır”.
İcraçı direktor hesab edir ki, kolonializmlə mübarizə aparan strukturların davamlılığı BMT Nizamnaməsində, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və BMT Baş Assambleyasının çoxsaylı qətnamələrində əks olunmuş prinsiplərə əsaslanır:
“Bu konfrans müstəmləkə ideologiyalarının necə qurulduğunu, institusionallaşdırıldığını və əsaslandırıldığını, daha da vacibi onların təsirlərinin müasir dünya həyatını necə formalaşdırmağa davam etdiyini daha dərindən anlamağı hədəfləyir. Məqsədimiz bütün xalqların öz müqəddəratını təyinetmə, bərabərlik və mədəni muxtariyyət hüququna tam hörmət edən bir dünyanın intellektual və mənəvi əsaslarını dəstəkləməkdir".