Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin açılışı olub - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin açılışı olub - FOTO


Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin açılışı olub.

APA xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, səfirlər, Azərbaycandakı BMT qurumlarının rəsmiləri və əməkdaşları, tanınmış alim və tədqiqatçılar iştirak edib.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova təşkilatın Tədqiqat Mərkəzinin kitabxanası və malik olduğu resurslar ilə bağlı məlumat verib.

O, bu hərəkatı gənclərinin ideyalarını biliyə çevirən və səslərini qlobal arenaya çatdıran bənzərsiz bir platforma adlandırıb:

"Bu mərkəzin açılışı Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri arasında şəbəkələşmənin təşviqinə imkan yaradacaq. Bizim əsas missiyamız gənclərin səsini daha geniş məcrada eşitdirməkdir. Bu məqsədlə hökumətlərarası təşəbbüslərin dəstəklənməsi də nəzərdə tutulur. Bizim bu istiqamətdəki layihələrimizə Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyi də öz dəstəyini göstərir. Mən ümid edirəm ki, bu mərkəz ideyadan hərəkətə yönələn bütün təşəbbüslərin dəstəklənməsində son dərəcə mühüm rol oynayacaq".

Xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçılarının elmi-texniki potensialının artırılmasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının vacib rol oynadığını vurğulayıb:

"Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu quruma üzv olan ölkələrlə təşkilat çərçivəsində səmərəli əməkdaşlıq qurulub. Bu gün biz Qoşulmama Hərəkatının üzv ölkələrə qazandırdığı faydalarının şahidi oluruq. Onu da qeyd etmək istəyirəm ki, bu günkü Tədqiqat Mərkəzinin fəaliyyəti Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında təhsil də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığına töhfə verəcək, eləcə də birgə elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılmasına səbəb olacaq. Əminəm ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzi gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq, Qlobal problemlərin həllində onların iştirakına mühüm töhfələr verəcək".

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva isə dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmiş bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib:

"Mən 2023-cü ilin iyulunda bu ofisin qonağı olmuşdum. Hesab edirəm ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı onun üzvü olan gənclər üçün daha geniş imkanların yaradılması, akademik tədqiqat azadlığı, kritik düşünmə, analitik debatların təşkilində mühüm rol oynayacaq. Bu amil həm də informasiya mübadiləsi, çoxsaylı dostların və həmfikirlərin tapılmasına da təkan verən bir amil olacaq. Mən onu da qeyd etmək istəyirəm ki, bu mərkəzin veb-saytı həmçinin onlayn resursların mübadiləsi üçün də faydalı platformaya çevriləcək".

Mərasimdə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının fəaliyyət dövründə həyata keçirilən layihələrdən bəhs edən videoçarx göstərilib.

Sonda qonaqla mərkəzin meneceri Kamilla Məmmədovanın təqdimatında Təqdiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri və illik fəaliyyət istiqamətləri barədə informativ məlumatlarla tanış olublar.

Oxşar xəbərlər

Leyla Həsənova: "Qoşulmama Hərəkatına sədrlik zamanı Azərbaycan dekolonizasiyaya xüsusi diqqət yetirib"
QH Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb
Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Müşahidə Missiyası seçkilərlə bağlı bəyanat yayıb
Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli gənclər forumunda təmsil olunacaq
"COP29 İqlim Dəyişikliyi üzrə Yay Düşərgəsi" layihəsinin açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər