Rusiya və Ukrayna danışıqların Bakıda keçirilməsi təklifini qəbul edə bilərlər - RƏY
sizinxeber.az xəbər saytı

Rusiya və Ukrayna danışıqların Bakıda keçirilməsi təklifini qəbul edə bilərlər - RƏY


Rusiya və Ukrayna danışıqların Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifini qəbul edə bilərlər.

Bunu “Sizinxeber.az”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsinin əsas səbəbi Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə başa çatmasını istəməsidir:

“Çünki bu müharibə nəinki Avropanın, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturasını ciddi şəkildə zədələyir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra fəallaşan Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri daha geniş coğrafiyada sülhün, əmin-amanlığın təmin olunmasıdır. Ona görə də son illərdə Azərbaycan müxtəlif qarşıdurma yaşayan ölkələr arasında danışıqlar üçün platformaya çevrilib. İndi də Rusiya və Ukrayna üçün belə bir platforma təklif edirik”.

Ekspert hesab edir ki, Rusiya ilə Azərbaycan arasında hazırda rəsmi Moskvadan qaynaqlanan müəyyən problemlər olsa da, danışıqların Bakıda keçirilməsi mümkündür:

“Azərbaycanın Ukrayna ilə güclü tərəfdaşlıq münasibətləri var, son illərdə bu münasibətlər xeyli dərinləşib. Son aylarda ciddi problemlər yaşanmasına baxmayaraq, Rusiya ilə əlaqələrdə iqtisadi, siyasi, ticari müstəvilərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Ümumiyyətlə, Azərbaycan bütün ölkələrlə, o cümlədən qonşuları ilə münasibətlərin normal olmasının tərəfdarıdır. Ancaq bəzən bizdən qaynaqlanmayan səbəblərdən problemlər ortaya çıxır. Lakin bununla belə Rusiya ilə münasibətlərin düşmən səviyyədə olduğunu düşünmürəm. Ona görə də nəzəri olaraq Rusiya danışıqların Bakıda keçirilməsini qəbul edə bilər”.

M.Məmmədli onu da əlavə edib ki, Rusiya-Ukrayna görüşü Bakıda keçirilsə, bu, Azərbaycanla münasibətlərə də müəyyən mənada müsbət təsir göstərə bilər.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində Azərbaycanın Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir
Rusiya-Ukrayna danışıqları bu həftə İstanbulda keçirilə bilər
Putin Rusiya – Ukrayna danışıqlarının mayın 15-də Türkiyədə başlanmasını təklif edib
Şoyqu: İstanbul Rusiya və Ukrayna arasında danışıqlar üçün əsas platformaya çevrilir
Podolyak: Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər