Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək - FƏRMAN
sizinxeber.az xəbər saytı

Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək - FƏRMAN


Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Sizinxeber.az-nın xəbərinə görə, Fərmanda qeyd edilib ki, Qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.

Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olan ən mühüm səbəblərdən biri logistik xərclərin yüksəkliyidir. Xüsusilə, yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur".

Fərmana əsasən, Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği ödəniləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği ödəniləcək.

Fərmanla müəyyən edilib ki, ixrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanır:

- ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin:

daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 (yetmiş) faizi;

daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 (əlli) faizi;

- istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin:

daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 (on beş) faizi;

daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 (beş) faizi;

İxrac daşıma dəstəyinin yekun məbləğini hesablanmış məbləğlərdən ən az olanı təşkil edir.

Daxili daşıma dəstəyinin məbləği Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 (yetmiş) faizini təşkil edir.

İxrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.

Oxşar xəbərlər

Hesablama Palatası: 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacaq
Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı artıb
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12%-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər