Azərbaycan ECO-nun üzvü kimi bir çox sahələrdə münasibətlərin inkişafı üçün təşəbbüs göstərib - RƏY » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
18:00

Azərbaycan ECO-nun üzvü kimi bir çox sahələrdə münasibətlərin inkişafı üçün təşəbbüs göstərib - RƏY

15 may, 2025
18:00
712

Azərbaycan ECO-nun üzvü kimi bir çox sahələrdə münasibətlərin inkişafı üçün təşəbbüs göstərib - RƏY

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəal üzvü kimi bir çox sahələrdə münasibətlərin inkişafı üçün təşəbbüs göstərib.

Bu sözləri "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

O qeyd edib ki, ECO-nun əsas məqsədi üzv dövlətlərdə davamlı iqtisadi artıma nail olmaq, iqtisadi inkişafı davamlı təmin etməkdir:

"Azərbaycan 2006, 2012-ci illərdə ECO-nun Zirvə toplantılarına ev sahibliyi edib. Sözügedən tədbirlərdə aparılan müzakirələrin nəticəsi olaraq qəbul edilmiş sənədlərdə üzv dövlətlər arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional məsələlərin prioritetləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri öz əksini tapıb. ECO-nun 2012-ci il 16 oktyabr tarixində Bakıda keçirilən 12-ci Zirvə görüşündə Bakı bəyannaməsi qəbul edilib".

ECO üzvlərinin 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan münaqişəsinə konkret münasibət bildirdiyini diqqətə çatdıran deputat vurğulayıb ki, onlar beynəlxalq normaları və Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşıb, Azərbaycanın milli maraqlarını haqlı olaraq müdafiə ediblər:

"Hələ 2002-ci ildə İstanbulda keçirilmiş ECO üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə ilk dəfə Ulu Öndər Heydər Əliyev ECO-nun daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılmasını təklif edib. Daha sonra 2006-cı ildə ECO-nun Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi ilə Prezident İlham Əliyev Ulu Öndərin təklifini təkrar irəli sürüb. Tədqiqat Mərkəzinin əsas məqsədi isə iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım göstərilməsindən ibarətdir.

Rövşən Muradov
Rövşən Muradov

ECO çərçivəsində qəbul edilən hesabatlarda “dəhliz” anlayışı “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlər” kontekstində də öz əksini tapıb. Belə ki, bu hal, həm də Bakının uğurlu xarici siyasətinin bariz nümunəsidir. Nəticədə isə ECO regionunda “Zəngəzur dəhlizi” termininin qəbuluna nail olmaq və əsas regional oyunçuların diqqətini bu nəqliyyat qovşağına cəlb etmək mümkün olub".

Ötən il Azərbaycanın COP29-a ev sahibliyi etdiyini xatırladan R.Muradov əlavə edib ki, həmçinin son illərdə Azərbaycanın "yaşıl enerji" sahəsində atdığı addımlar dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır:

"Belə ki, ECO çərçivəsində həyata keçirilən layihələr sırasında Azərbaycanın təşəbbüskar rolu xüsusi vurğulanmalıdır. Bu baxımdan son illərdə məhz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair imzalanmış sənəd böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq regionda alternativ enerji mənbələrinin effektiv istifadəsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və dayanıqlı gələcəyin təmin olunmasına xidmət edir.

Bununla yanaşı, COP29 çərçivəsində Bakıda ECO və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) ilə birlikdə İƏT regionu üçün "Təmiz Enerji Mərkəzi" yaradılıb. Bu isə Azərbaycanın "yaşıl enerji"yə yönəlik ölkənin beynəlxalq platformalarda qazandığı etimadı daha da möhkəmləndirir və onu regional enerji siyasətində aparıcı mövqeyə yüksəldir".

Bizimlə əlaqə saxlayın