Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2025
14:00

Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub - YENİLƏNİB

08 may, 2025
14:00
425

Gəncədə regional vəkil bürosunun yeni inzibati binasının açılışı olub - YENİLƏNİB

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə mayın 8-də Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında aparılan təmir-bərpa işləri barədə ümumi məlumat verib. Bildirib ki, bina Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə Kollegiyanın balansına verilib.

Qeyd olunub ki, 45 vəkil və digər şəxslərin fəaliyyət göstərəcəyi yeni inzibati binada rəhbər otağı, 18 vəkil otağı, konfidensial görüş otağı, qəbul otaqları, texniki otaqlar, akt zalı, muzey, dəftərxana, arxiv, 2 mətbəx, yeməkxana, qarderob və sanitar qovşaqları mövcuddur. Eyni zamanda vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün büroda bütün lazımi şərait yaradılıb, yüksək səviyyəli texniki təchizat – UPS sistemləri, yanmayan kabellər, müasir yanğın siqnalizasiya avadanlıqları quraşdırılıb.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə müasir vəkil qurumunun yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs vəkillərin fəaliyyətinə yeni imkanlar açmaqla yanaşı, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini də artıracaq. O, ARVK-nın bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işləri təqdirəlayiq hesab etdiyini vurğulayıb. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze isə çıxışında son illər ölkədə vəkillik institutunun inkişafı istiqamətində mühüm islahatlar həyata keçirildiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Nəticədə vəkilliyin nüfuzu əhəmiyyətli dərəcədə artıb, maddi-texniki təminatı yaxşılaşdırılıb, regionlarda hüquqi yardımın əlçatanlığı genişlənib.

Mərasim çərçivəsində iştirakçılar inzibati binada ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributların sərgisi ilə tanış olublar.

10:02

Gəncə regional vəkil bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə baş tutan tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak edirlər.

Mərasimdə çıxış edən natiqlər Gəncə regional vəkil bürosunun yeni inzibati binasının istifadəyə verilməsinin yerli vəkillərin peşə fəaliyyətinin daha keyfiyyətli təşkilinə imkan yaradacağını vurğulayıblar.

Bizimlə əlaqə saxlayın