
Mingəçevirdə 2020-ci ildə Ermənistanın raket hücumuna məruz qalan ərazilərə baxış keçirilib

Mingəçevirdə 2020-ci ildə Ermənistanın raket hücumuna məruz qalan ərazilərə baxış keçirilib
İkinci Qarabağ müharibəsində Ermənistan nəinki Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, həmçinin Mingəçevirdəki enerji obyektlərini də hədəfə almışdı.
"Report"un Mingəçevirə ezam edilmiş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə şəhərə təşkil olunan mediatur çərçivəsində 2020-ci ildə Ermənistanın "Smerç” reaktiv atəş sisteminin zərbəsinə məruz qalan ərazilərə baxış zamanı məlumat verilib.
Bildirilib ki, sözügedən raket zərbəsinin məqsədi Azərbaycanın enerji infrastrukturunu iflic vəziyyətinə salmaq olub. Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanı hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, oradakı su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirib. Bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz aktı və hərbi cinayətdir.
Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də Mingəçevir Elektrik Stansiyasının ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşi sistemindən raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev və qonaqlar iyunun 24-də Vətən müharibəsi zamanı Ermənistandan bu stansiyaya atılan raketin düşdüyü ərazidə olub.