Xalq Cümhuriyyəti dövrü ABŞ-ın Konqres Kitabxanasında
sizinxeber.az xəbər saytı

Xalq Cümhuriyyəti dövrü ABŞ-ın Konqres Kitabxanasında- SƏNƏDLƏR


Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 107 il ötür. Azərbaycanın 23 aylıq ilk müstəqillik tarixinə dair çoxsaylı materiallar dünyanın və Azərbaycanın kitabxanalarında, arxivlərində qorunur və araşdırılır. ABŞ-ın Konqres Kitabxanasında da Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yerli mətbuatda işıqlandırılmasına aid yazılar, həmin dövrə aid müxtəlif sənədlər saxlanılıb.

1800-cü ildə yaradılmış Konqres Kitabxanası dünyanın ən böyük kitabxanalarından biridir. Binada milyardlarla sənəd, kitab, xəritə, əlyazma və audiomaterial saxlanılır. Həmçinin burada Birinci Dünya müharibəsindən sonra Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Paris Sülh Konfransına dair materiallar, o cümlədən həmin dövrdəki siyasi prosesləri özündə əks etdirən bir sıra sənədlər qorunur və araşdırmaya təqdim edilir.

İstənilən prosesi ən yaxşı şəkildə həmin dövrə aid mətbu orqandan oxuyaraq anlamaq mümkündür. ABŞ-da əksər qəzetlər mikrofilmlərə köçürülüb. Ümumilikdə isə bütün qəzetlər onlayn kataloqa yerləşdirilib.

Azərbaycanın müstəqilliyini elan etməsi ilə bağlı o dövrdə ABŞ mətbuatında konkret məlumatlar dərc edilməsə də, həmin hadisədən bir neçə gün sonra bir sıra qəzetlərdəki yazılarda Qafqazda yaşayan xalqın öz dövlət müstəqilliyini elan etməsi qeyd olunur.

Daha sonra qəzetlərdə ABŞ Prezidenti Vudro Vilsonla Azərbaycan nümayəndə heyətinin görüşünə dair xəbərlərə rast gəlmək mümkündür. Nümunə olaraq “New York Tribune” nəşrinin 1919-cu il may buraxılışında görüş haqqında yazılır və bildirilir ki, görüş zamanı Azərbaycan və digər Qafqaz ölkələri nümayəndələrinin tələbləri Vilsonun masası üzərinə qoyulub.

1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən bir qədər sonra qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ tanıyır. Bu hadisə bütün dünyada olduğu kimi ABŞ mətbuatının da diqqətini cəlb edir. Qeyd olunan nümunə “Meriland Seçki Hüququ Xəbərləri” qəzetinə aiddir. Burada 1920-ci ilin iyun buraxılışında dünyada seçki hüququ verən az sayda ölkələrin siyahısı qeyd olunur. Siyahıda Azərbaycanın adı da var və Azərbaycanın müsəlman ölkəsi olması xüsusi qeyd edilib. Siyahıda həmçinin az sayda ABŞ ştatlarının adları sadalanıb və onların əksəriyyətində qadınlara seçki hüququnun Azərbaycandan sonra verilməsi tarixlərlə qeyd olunub.

Daha bir nümunə isə Azərbaycanda Cümhuriyyət dövründə yaşayan yəhudilərlə bağlıdır. “Amerika-Yəhudi Dünyası” qəzetinin 1920-ci il 13 fevral buraxılışında yəhudilərin Azərbaycanda dinc şəkildə yaşaması barədə belə yazılır: “Azərbaycan Respublikasının müttəfiq ölkələri tərəfindən de-fakto tanınması yəhudi xalqının marağındadır. Çünki onlar nəhayət sülh içində yaşaya biləcəkləri bir mərkəz tapıblar. Müharibədən əvvəl Azərbaycanın paytaxtı Bakıda yəhudi icması az idi, lakin müharibə zamanı yəhudilərin Latviyadan qovulması və Rusiya inqilabı Qafqazın bu bölgəsində onların sayının artmasına səbəb olub”.

Kitabxanada Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndə heyəti tərəfindən təqdim olunmuş 3 sənəd fiziki olaraq saxlanılır və araşdırmaya təqdim edilir. Bu sənədlər fransızca yazılmış “Antropoloji və etnik tərkib, Qafqaz Azərbaycanının əhalisi”, “Qafqazın Azərbaycan Respublikasında iqtisadi və maliyyə vəziyyəti” və “Qafqazın Azərbaycan Respublikası nümayəndə heyətinin Paris Sülh Konfransına təqdim etdiyi iddialar” adlı sənədlərdir. Sənədlərdə müvafiq olaraq Azərbaycanda yaşayan etnik xalqlar, ölkədəki iqtisadi vəziyyət barədə məlumat verilir və Azərbaycanın tarixi, müstəqilliyini elan etməsi, Ermənistanın təcavüzkar siyasəti, Türkiyənin dəstəyi və digər xalqlarla münasibətlərinə dair məlumat verilir.

 

1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi “de-fakto” tanınır. Bundan bir neçə gün sonra bu tarixi hadisə ABŞ mediasında geniş şəkildə işıqlandırılır. Misal olaraq, “New York Times” qəzetinin 16 yanvar tarixli buraxılışında yazılır ki, Ali Şura son toplantılarından birində Azərbaycanın, Gürcüstanın və Ermənistanın tam müstəqilliyini tanımaq barədə qərar qəbul edib.

Oxşar xəbərlər

Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
Bakının erməni-bolşevik işğalından azad olunmasından 105 il ötür
Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər