“Ümidləri” darmadağın etdi: Gözlər yenə Əliyevdə... » Sizinxeber.az - Azərbaycan Xəbərləri
16 
Şub
2024
14:09

“Ümidləri” darmadağın etdi: Gözlər yenə Əliyevdə...

16 Şub, 2024
14:09
0

“Ümidləri” darmadağın etdi: Gözlər yenə Əliyevdə...

7 fevral 2024-cü ildə baş tutan seçkilər ərəfəsində AŞPA da daxil olmaqla, bir sıra beynəlxalq qurumlar, o cümlədən Fransa və ABŞ-ın bəlli dairələri və onlara güvənərək, “ümidlə” fərqli nəticələr arzulayanların gözləntiləri darmadağın oldu.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Prezident İlham Əliyevə seçkidən sonrakı bəyanatları haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycana xüsusilə ötən ilin sonlarından başlayaraq, artan təzyiqlərin seçkidən dərhal sonra əhəmiyyətli şəkildə səngiyəcəyini proqnozlaşdırmışdı:

“Əslində, prezident seçkilərinin 1 ildən də çox qabağa çəkilməsinin səbəblərindən biri də yeni dünya nizamının şəkillənməsi ərəfəsində Azərbaycanın buna tam hazır olması və təzyiqləri neytrallaşdırması istəyi idi və bu da dəqiq hesablanmışdı. Seçki ərəfəsində, hətta seçkidən sonra düşmən informasiya məkanının təbliğatçıları İlham Əliyevə böyük dövlətlərin təbriklərini ciddi şəkildə gecikdirəcəyi və yaxud ümumiyyətlə, bu təbriklərin olmayacağı haqda “ümidə” qapılmışdılar. Ancaq elə seçki günü, məntəqələr bağlanandan qısa müddət sonra Çin də daxil olmaqla, dünyanın bir çox ölkəsindən gələn təbrik zəngləri və məktubları Azərbaycana qarşı mövqe alanların istəklərini gözündə qoydu. Cəmi iki gündən sonra AB Şurası Prezidentinin də İlham Əliyevə birbaşa zəng etməsi isə Azərbaycan liderinin de-fakto regional oyunçu olduğunun de-yure etirafı idi. Bütün beynəlxalq güclər İlham Əliyevsiz regionda hər hansı layihə həyata keçirməyin mümkün olmadığını bir daha etiraf etmək məcburiyyəti qarşısında qaldılar”.

A.Camalın sözlərinə görə, seçkilərdə xalqın xüsusi aktivliyi, yüksək təşkilatçılıq, İlham Əliyevə seçicilərin böyük etimadını görüb-müşahidə etməmək mümkün deyildi:

“Bunu ATƏT DTİHB-in müşahidə missiyası və o missiyanın “alternativsizlik mühiti” iddiası ilə cəmi iki cümləlik “mənfi rəyini” bölüşən ABŞ səfirliyi və digər güclər də bilirlər və təsadüfi deyil ki, Qərbin analitik mərkəzləri artıq bu haqda açıq yazmağa başlayıblar. Karnegi Fondunun məşhur analitiki, qafqazşünas Tomas De Vaalın İlham Əliyevin hazırda özünü indiyə qədər olmayacaq səviyyədə əmin və arxayın hiss etməsini xüsusi vurğulaması da xalqın dəstəyi ilə bağlıdır. Bu, İlham Əliyevə təkcə dəstək deyil, böyük mənada xalqın sevgisidir və bu sevgi də İlham Əliyevi yeni milli hədəflərə doğru inamla və qətiyyətlə addımlamağa şans tanıyır”.

Politoloq 2021-ci ildə Avropa siyasi mərkəzlərinin erməni diasporuna İlham Əliyevə təzyiq göstərmək üçün onun reytinqinin aşağı salınması barədə xəbərdarlığını bir daha gündəmə gətirib:

“Məhz bu açıqlamadan və rəydən sonra İlham Əliyevə qarşı irimiqyaslı kampaniyalar başlamışdı, o cümlədən qələbənin yarımçıq olması iddiaları ilə şüurlara təsir etməyə çalışan erməni mənbələrindən maliyələşən “özümüzkülər” də aktivləşmişdi. Ancaq 2023-cü il 20 sentyabrından sonra bu iddialar tamamilə aradan qalxdı, 7 fevral 2024 seçkisi isə təsdiqlədi ki, 3 ilə yaxındır erməni diasporu və bəzi Qərb mərkəzlərinin apardığı təbliğat kampaniyası tam uğursuzluğa düçar olub. Hətta seçki günü qurulan təxribat, guya “seçki saxtakarlığı faktlarının qeydə alınması” planı da alınmadı: külli miqdarda maliyyə ilə seçkilərdə nöqsanlar axtarmağa çalışanlar heç bir ciddi fakt ortaya qoya bilmədilər və bu, qurulan oyunların tam iflası oldu. Arqumentsizlik isə etiraflara yol açdı”.

A.Camal bildirib ki, seçkidən cəmi 8 gün keçməsinə baxmayaraq, İlham Əliyevi Almaniya da daxil olmaqla, Avropa ölkələri də artıq təbrik edib:

“Seçkidən cəmi 8 gün keçib və Prezident İlham Əliyevə gələn təbriklərin coğrafiyası heyrətamizdir. Yalnız Fransa istisnadır ki, bunun da səbəblərini hər kəs yaxşı bilir. AB-nin aparıcı iqtisadi gücü, eyni zamanda, siyasi güc baxımından Fransanın imkanlarına şərik olan Almaniya kansler səviyyəsində təbrik etməklə bərabər, Azərbaycan liderini Münhen Təhlükəsizlik Konfransına da dəvət etdi. Bu, Avropanın təhlükəsizlik arxitekturasında Azərbaycan liderinin xüsusi rolunun siyasi etirafıdır”.

Politoloq hazırda bütün beynəlxalq analitiklərin Cənubi Qafqazla bağlı proqnozlarında əsas diqqəti İlham Əliyevə yönəltmələrinin təsadüfi olmadığını vurğulayıb:

“Hər kəs regionun iddialı gücü Azərbaycanın əmin lideri İlham Əliyevin hansı mövqe sərgiləyəcəyini gözləyirdi. İlham Əliyev “seçim” etməliydimi? Etdi və bu, nə AB, nə də Rusiya oldu: “türk ailəsi” termini təkcə siyasi leksikona daxil edilmədi, həm də Azərbaycanın seçdiyi “tərəfi” nişan verdi: bu, yeni gücdür və burada artıq Azərbaycan kiminsə tərəfində deyil, öz tərəfindədir, öz ailəsindədir və bu gücü formalaşdıranlardan biridir”.

Bizimlə əlaqə saxlayın