Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ekspert: Paşinyan rəhbərliyi altında Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş müşahidə olunmur

Ekspert: Paşinyan rəhbərliyi altında Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş müşahidə olunmur
2 dəfə Baxılıb
11 Sentyabr 2019 - 18:35

Ekspert: Paşinyan rəhbərliyi altında Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş müşahidə olunmur
Oxu.Az-ın suallarını rusiyalı politoloq Dmitri Fetisov cavablandırır:

– Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni miqrant dalğası ilə bacara bilməyəcəyini bəyan edərək, Avropa Birliyini təcili olaraq Suriya qaçqınları ilə bağlı problemi həll etməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə qaçqın axınının qarşısını almaqla bütün Avropanın təhlükəsizliyini təmin edir. Türkiyə liderinin çağırışını dinləməyəcəyi təqdirdə Avropa ölkələrini nə gözləyir?

– Avropa Birliyi Ərdoğanın çağırışını dinləməsə, o zaman Qərbi Avropaya qaçqın axınının sürətlənməsi ilə Avropada onsuz da gərgin olan vəziyyətin ağırlaşması gözlənilir. Bununla yanaşı, Ərdoğan bu çağırışı ilə Avropanı qorxutmağa yox, problemin təkcə Türkiyənin deyil, həm də Avropanın maraqları naminə birgə həll olunmasına çalışır.

– Rusiya Prezidenti Vladimir Putinin fikrincə, Türkiyə böyük dövlətlərin “Böyük yeddilik” kimi beynəlxalq klubunun tərkibinə qatıla bilər. Onun sözlərinə görə, Ankara bunun üçün beynəlxalq işlərdə kifayət qədər təsirə və gücə sahibdir. Putinin ideyasının həyata keçməsi nə dərəcədə realdır? 

– Putinin Türkiyənin beynəlxalq aləmdə rolunun gücləndirilməsi təklifinin reallaşmasına inanmaq çətindir. Baxmayaraq ki, Rusiya Prezidenti Türkiyənin nüfuzuna layiq olduğu dəyəri verib, bu ssenarinin öz statuslarını dəyərləndirən və sadəcə, Rusiya xətrinə istisna etməyə hazır olan ABŞ da daxil olmaqla, G7-nin digər üzvləri tərəfindən dəstəklənməyəcəyini düşünürəm.

ABŞ-ın Türkiyəyə qarşı mövqeyi ancaq bu halda dəyişə bilər ki, bu ölkədə hakimiyyətə Ərdoğanın fikirlərinə zidd, Vaşinqtonla isə yaxın ittifaqda olacaq biri gəlsin. Bu ssenari hazırkı vəziyyətdə real görünmür. 

– Rusiya ilə əməkdaşlıq, xüsusən hərbi məsələlərdə əməkdaşlıq Vaşinqtonun açıq narazılığına səbəb olur. Son illər Ağ Evdən uzaqlaşan Ərdoğan, eyni zamanda, bir müddət əvvəl Ankaranın NATO-dan çıxmaq niyyətində olmadığını açıqladı. Bu mesajın məqsədləri nələrdir?

– Ərdoğanın NATO ilə bağlı açıqlaması Türkiyənin ABŞ-a qarşı mövqeyini bir daha vurğulayır. Ərdoğanla Ağ Ev arasında konflikt olmasına, eləcə də, ABŞ-ın Türkiyə cəmiyyətinə qarşı narazılığına baxmayaraq, Türkiyə NATO-dakı üzvlüyünü yüksək qiymətləndirir və bundan imtina etmək niyyətində deyil.

Bu strategiya çox doğrudur. Geniş geosiyasi maraqlara və hərbi də daxil olmaqla, bir sıra dövlətlərlə ciddi fikir ayrılıqları olan Türkiyənin NATO müttəfiqlərini dəstəkləməkdən imtina etməsi ona sərf etmir. 

– Ankaranın Moskva və Bakı ilə əməkdaşlıq perspektivi necə görünür?

– Hazırda vəziyyəti bütövlükdə Moskva-Bakı-Ankara üçbucağında Moskva və Ankara, Moskva və Bakı münasibətlərini ən isti münasibətlər dövrü kimi qiymətləndirmək olar. Bununla yanaşı, yaxın gələcəkdə bu münasibətlər çərçivəsində hər hansı irimiqyaslı layihələrə start veriləcəyini gözləmək olmaz. Ancaq söhbət ticarət, turizm və mədəniyyət sahələrindən gedirsə, burada əlaqələrin inkişafı yaxın gələcəkdə də davam edəcək.

– Hələ bir neçə il əvvəl bir sıra ekspertlər bəyan edirdilər ki, Yerevanda “Qarabağ klanı” hakimiyyətdə olduğu dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin həllini gözləmək lazım deyil. Bu gün Ermənistana Baş nazir Nikol Paşinyan rəhbərlik edir və vəziyyət dəyişibmi?

– Paşinyan Dağlıq Qarabağ mövzusundan siyasi məqsədləri üçün istifadə etmək məsələsində heç də “Qarabağ klanı”ndan geri qalmır. Qarabağ məsələsinin həlli ilə bağlı erməni tərəfindən hər hansı irəliləyiş nəzərə çarpmır. Ancaq bu “siyasi xəritə” öz rolunu oynamağa davam edir. Bu, Paşinyanın həm ziddiyyətli açıqlamalarında, həm də erməni tərəfinin cəbhə bölgəsində münaqişəni qızışdırmaq cəhdlərində nəzərə çarpır.

– Bu gün son illərdə planetdə daha çox “gənc” hərbi münaqişələrin yaranması səbəbindən Qarabağ probleminin beynəlxalq təşkilatların gündəmindən tamamilə çıxdığı barədə fikir formalaşır.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticəsizliyi artıq göz qabağındadır. Dünya gücləri Ermənistan-Azərbaycan münaqişəsini, onlara görə, daha ağırçəkili geosiyasi və geoiqtisadi problemlərə qurban verərək qutuya atıblar. 

– Belə bir fikir mövcuddur. Hesab edə bilərik ki, Minsk Qrupunun fəaliyyəti nəticəsizdir və informasiya gündəmində Qarabağın yerini digər münaqişələr tutub. Çoxları üçün bu fakt ümumi gərginliyə baxmayaraq, son illərdə Qarabağda hər hansı qarışıqlığın olmaması ilə izah olunur.

Lakin son aylarda Ermənistanın cəbhə xəttində etdiyi hərəkətlər nəticəsində müşahidə olunan gərginlik yenidən Qarabağ mövzusunu gündəmə gətirə və bütün maraqlı tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinin həllini sürətləndirməyə vadar edə bilər. 

– Bu gün Vaşinqton və Tehran arasındakı münasibətlərdə gərginlik dövrü nisbi bir sakitliklə əvəz olunub. Hörmüz boğazında vəziyyətin nəzarətdən çıxması təhlükəsi yerini KİV-də sakit açıqlamalarla əvəzlədi. Prezident Donald Tramp Həsən Ruhani ilə görüşmə ehtimalını istisna etməsə də, Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu da açıqladı. İran ətrafındakı hadisələr bundan sonra necə inkişaf edəcək?

– Hazırda İran ətrafındakı hadisələrin inkişafını proqnozlaşdırmaq çətindir. Tramp bir tərəfdən Tehrana qarşı təzyiqləri hərbi güc tətbiq etmək variantını da əlavə edərək maksimal həddə çatdırmağa davam edir. Digər tərəfdən, bu ideyanın ABŞ və Avropa elit təbəqələri arasında bir çox əleyhdarları var.

Aydındır ki, indi bu mövzuda geniş məsləhətləşmələr davam edir ki, bu da hazırkı səssizliyi izah edir. Və yaxın gələcəkdə, biz bu məsləhətləşmələrin sonunda maraqlı tərəflərin hansı qərara gəldiyini görəcəyik.

Rasim Babayev

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]