Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının müəllifi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla Əliyevanın bu gün doğum günüdür.
Sizinxeber.Az xəbər verir ki, Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə anadan olub.
Orta təhsilini Bakı şəhərində yerləşən 160 nömrəli tam orta məktəbdə alan Leyla Əliyeva 2000-ci ildə məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbində təhsilini davam etdirib. Daha sonra 2006–2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr təhsili alıb.
2007-ci ilin 10 may tarixindən etibarən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə rəhbərlik edən Leyla Əliyeva, 2011-ci ildən Fondun vitse-prezidenti vəzifəsində fəaliyyət göstərir.
Onun ictimai fəaliyyəti əsasən sosial müdafiəyə ehtiyacı olan insanların dəstəklənməsi, humanitar layihələrin həyata keçirilməsi və xeyriyyəçilik istiqamətində aparılan işlərlə seçilir. Leyla Əliyeva illərdir ad günlərini də himayəsində olan uşaqlarla birlikdə qeyd etməyi ənənəyə çevirib.
O, valideyn himayəsindən məhrum uşaqlara, yaşlı insanlara, qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi dəstəklə yanaşı, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində də müxtəlif sosial layihələrin reallaşdırılmasına töhfə verir.
Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) bu gün Rusiyada fəaliyyət göstərən ən fəal diaspor gənclər qurumlarından biri hesab olunur. Təşkilat müxtəlif layihələr vasitəsilə Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin tanıdılması istiqamətində geniş fəaliyyət göstərir.
2007-ci ilin dekabr ayında Moskvada nəşrinə başlanılan "Baku" jurnalının təsisçisi də məhz Leyla Əliyevadır.
2008-ci ildə onun təşəbbüsü ilə start verilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ən genişmiqyaslı layihələrdən biri kimi tanınır. Bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər və maarifləndirici tədbirlər təşkil olunub.
Leyla Əliyeva ətraf mühitin mühafizəsi istiqamətində də mühüm layihələrin müəllifidir. Onun təsis etdiyi IDEA İctimai Birliyi ölkədə ağacəkmə aksiyalarının, ekoloji maarifləndirmə tədbirlərinin və "Bizim həyət", "Məktəb bağları" kimi sosial-ekoloji layihələrin həyata keçirilməsində önəmli rol oynayıb.
Fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. O, müxtəlif illərdə "Tərəqqi" medalı, FAO-nun xoşməramlı səfiri adı, "Puşkin" medalı, "Key to Life" mükafatı və digər beynəlxalq təltiflərə layiq görülüb.
İctimai fəaliyyəti ilə yanaşı, Leyla Əliyeva yaradıcılıq sahəsində də fəaliyyət göstərir. O, şeirlər müəllifidir, rəssamlıqla məşğul olur, həmçinin "Əli və Nino" filminin icraçı prodüseri olub və "Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbəri kimi çıxış edib.
Sizinxeber.Az kollektivi Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və fəaliyyətində davamlı nailiyyətlər arzulayır.
