
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündən 22 il ötür.
Sizinxeber.Az xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:
"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkisində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksəkintellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Elə də oldu, xalq ulu öndərin çağırışına dəstək göstərdi. Nəticədə, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək, onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.
Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və ulu öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.
Azərbaycan liderinin 22 illik fəaliyyəti dövrü bir çox uğur və şanlı səhifələrlə yadda qalsa da, Qarabağ Zəfəri xüsusilə qeyd edilməlidir. Çünki məhz İlham Əliyevin siyasi səriştəsi, uzaqgörən siyasi gedişləri, Azərbaycanın lideri olaraq verdiyi qərarlar və yorulmadan öz doğma xalqı üçün çalışmaq əzmi Azərbaycan tarixinin bu şanlı Zəfərinə rəhbərlik etdi. Bəli, bir çoxları üçün artıq dondurulmuş münaqişə sayılsa da, bir çox xarici amillər erməni işğalını əbədiləşdirməyə yönəlsə də, beynəlxalq hüququn norma və prinsipləri heçə sayılsa da, İlham Əliyev Azərbaycanın haqq mübarizəsində qalib gəlməsi üçün öz üzərinə düşən öndərlik, liderlik, Ali Baş Komandanlıq vəzifəsini layiqincə yerinə yetirdi. İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqının qüdrəti, öz liderinə inanmış bir toplumun əzmi Qarabağ zəfərini şərtləndirən amillərdən birinə çevrildi. Bu birlik və bərabərlik, xalqın sevgisi və sonsuz inamı ilə birləşdikdə qarşısında heç bir qüvvə dayana bilməzdi. Belə də oldu, 44 günlük müharibədən sonra ölkəmizin suverenliyinin bərpa edilməsi də məhz bu birlik sayəsində mümkün oldu. Çünki bu birlik illərin sınağından keçib və sarsılmaz bir hala bürünüb. 44 günlük Vətən savaşında zəfərə aparan yol, suverenliyimizin bərpası və yaxın keçmişdə qazandığımız bir çox uğurlar göstərir ki, Azərbaycan gələcəyə inamla addımlayır. Azərbaycan bu gün dünyanın siyasi arenasında söz sahibi ölkələrdən biridir, Azərbaycanın fikri və mövqeyi geosiyasi nizamın həll edildiyi bütün masalarda səsləndirilir və nəzərə alınır. İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan bir çox mötəbər görüşlərin ən mötəbər qonaqları sırasında dayanır. Bütün bunların memarı isə şübhəsiz ki, Azərbaycanın lideri, Prezident İlham Əliyev və onun uğurla icra olunan siyasi xəttidir. İlham Əliyevin dünyanın siyasi arenasındakı şəxsi nüfuzu hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu nüfuz eyni zamanda öz xalqı uğrunda yorulmadan çalışan bir liderin əməklərinə beynəlxalq ictimaiyyətin göstərdiyi sonsuz hörmətin göstəricisidir.