featured

Müasir Azərbaycan reallığı – Heydər Əliyev ideyalarının təntənəsi – Siyavuş Novruzov

Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan adını tarixə uğurlu, güclü və qalib dövlət kimi yazdırmağa müvəffəq olub. Bu, təbii ki, təsadüfən baş verməyib. Güclü və nüfuzlu Azərbaycan reallığını şərtləndirən əsas amillər qətiyyətli liderin milli maraqlara əsaslanan strateji fəaliyyəti, xalq-iqtidar birliyi və milli həmrəylik olub.
Müstəqillik dövrünün mənzərəsi aydındır. SSRİ-nin dağılmasından sonra Azərbaycan da digər bir sıra ölkələr kimi xaos və anarxiya məkanına çevrilib, ciddi iqtisadi tənəzzül və siyasi böhrana məruz qalıb. O zaman hakimiyyətdə olan səriştəsiz AXC-Müsavat cütlüyü Azərbaycanı müstəqilliyi itirmək, hətta bölünmək – parçalanmaq təhlükəsi ilə üzləşdirib. Amma lider fenomeni xalqımızın və dövlətimzin xilasını mümkün edib. Daha dəqiq desək, XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub.
Əlbəttə, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada mövqeyi möhkəmlənib. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə assosiasiya olunur.
Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, Onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Prezident İlham Əliyevin siyasəti milli maraqlara əsaslanmaqla və müasir çağırışlara adekvat olmaqla yanaşı, həm də çoxşaxəlidir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər məsələlər ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.
Bu strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır. Bu gün Azərbaycan xalqı haqlı olaraq öz qalib, güclü və nüfuzlu dövləti ilə fəxr edir. Çünki Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır, ardıcıl və möhtəşəm nailiyyətlər qazanaraq yeni strateji zirvələr fəth edir.
Bir sözlə, Ümummilli Liderin qüdrətli Azərbaycan arzusu gerçəkləşib. Bunu təsdiqləyən reallıqlara 7 mühüm fakt əsasında nəzər yetirə bilərik:
– ictimai-siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması;
– müasir, hüquqi və demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsi;
– dayanıqlı iqtisadi inkişafa nail olunması;
– vətəndaş məmnunluğunun və sosial ədalətin təmin edilməsi;
– xalq-iqtidar birliyi və sarsılmaz milli həmrəyliyin mövcud olması;
– Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olması;
– ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması.
Yeni mərhələdə də Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Təsadüfi deyil ki, dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin adı və siyasəti ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə – dövlətimizin başçısı İlham Əliyevə tam güvənir! Bu, Heydər Əliyev ideyalarının təntənəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi, xalq-lider birliyinin və milli həmrəyliyin göstəricisidir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sizinxeber.Az

Müasir Azərbaycan reallığı – Heydər Əliyev ideyalarının təntənəsi – Siyavuş Novruzov

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!