
Kağız və mürəkkəbdən rəqəmsal mediaya gedən yol

Kağız və mürəkkəbdən rəqəmsal mediaya gedən yol
Yazar: İzzət Qurbanov
22 iyul 1875-ci il tarixi Azərbaycan xalqının maarifçiliyə, öz sözünü deməyə, cəmiyyətin oyanışına doğru atdığı ilk addımlardan biri idi. Həmin gün Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin ilk sayı nəşr olundu. Bu, sadəcə bir qəzet deyildi – bu, xalqın dili, ruhu və düşüncə tərzinin kağıza köçürülmüş forması idi. Mətbuatımızın əsası bu cəsarətli addımla qoyuldu və 150 ildir ki, dəyişən dünyaya baxmayaraq, sözün gücü, ictimai fikrin formalaşmasında rolu əvəzolunmaz olaraq qalır.
Bugünkü gün mətbuatımızın yalnız fiziki deyil, mənəvi yaşını qeyd edirik. Bu 150 ildə Azərbaycan mətbuatı çoxsaylı mərhələlərdən keçdi: senzura illəri, azad söz uğrunda mübarizələr, təqiblər, sürgünlər və nəhayət, istiqlal dövründə yeni nəfəs. Bütün bu mərhələlərin ortaq cəhəti bir idi: sözün əzəməti və xalq üçün danışmaq iradəsi.
Əkinçi qəzetindən başlayan bu yol Ziya, Şərqi-Rus, Molla Nəsrəddin, Kaspi kimi qəzetlərlə davam etdi. Sovet dönəmində də bir çox mətbu orqanlar fəaliyyət göstərdi. Lakin mətbuat öz müstəqilliyini, təbii ki, Azərbaycanın siyasi müstəqilliyi ilə birgə qazandı.
Bu mənada ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında xüsusi rolu danılmazdır. Hələ sovet dövründə mətbuata və maarifçiliyə olan qayğısı, ziyalılara verdiyi dəstək, ədəbiyyat və publisistikaya verdiyi önəm unudulmazdır. Müstəqillik illərində isə mətbuatın inkişafı üçün hüquqi baza, sərbəstlik və infrastruktur baxımından ciddi addımlar atıldı.
1998-ci ildə mətbuat üzərində dövlət senzurasının ləğv olunması Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm bir demokratik qərar idi. Bu addım Azərbaycan jurnalistikasına yeni nəfəs verdi. Bu gün biz həmin qərarın bəhrəsini azad və rəngarəng mətbuat mühitində görürük.
Müstəqil Azərbaycan dövründə mətbuat yalnız xəbərləri çatdırmaqla deyil, həm də dövlətlə vətəndaş arasında körpü olmaq funksiyasını yerinə yetirdi. Jurnalistlər cəmiyyətin ağrılı nöqtələrinə toxundu, ictimai rəyə təsir göstərdi, haqsızlığa səs verdi. Və bu proses bu gün də davam edir.
Əlbəttə ki, dünya dəyişdikcə, informasiya da dəyişir. Kağız və mürəkkəbdən başlayan yol indi rəqəmsal platformalara çatıb. Saytlar, sosial şəbəkələr, bloqlar, YouTube kanalları və xəbər tətbiqləri – bunlar artıq informasiyanın əsas daşıyıcılarıdır. Bu gün xəbəri almaq üçün səhəri qəzetlə açmaq yox, sadəcə bir ekrana baxmaq kifayətdir. Hər kəs informasiya istehsalçısına çevrilib. Bu isə həm məsuliyyət, həm də çağırış deməkdir.
Rəqəmsallaşma ilə birlikdə media həm sürət qazandı, həm də daha geniş auditoriyaya çatma imkanı əldə etdi. Lakin bu inkişafla yanaşı, dezinformasiya, feyk xəbər və manipulyasiya təhlükəsi də artdı. Məhz buna görə, bu gün mətbuatın əsas funksiyası sadəcə informasiya çatdırmaq yox, həm də informasiyanın keyfiyyətinə və doğruluğuna zəmanət verməkdir.
Media sahəsində hüquqi bazanın yenilənməsi, Media Reyestrinin tətbiqi, Medianın İnkişafı Agentliyinin yaradılması kimi struktur islahatlar, bu sahənin daha şəffaf, məsuliyyətli və peşəkar səviyyədə idarə olunmasına xidmət edir. Bu dəyişikliklərə uyğunlaşmaq üçün isə hər bir media subyektinin həm texnoloji, həm də peşəkar baxımdan yenilənməsi şərtdir.
Mən – bu yazının müəllifi – də 2015-ci ildən etibarən media sahəsində fəaliyyət göstərirəm. “Sizinxeber.az” saytını sıfırdan, öz gücüm və əzmkarlığımla qurmuşam. Məhz bu sahəyə olan sevgim və sözə verdiyim dəyər sayəsində illərdir bu yolda təkbaşına mübarizə aparıram. Hazırda “qurbanovmedia.az” adlı yeni bir media platformasının yaradılması üzərində çalışıram və çox qısa zamanda oxucuların istifadəsinə veriləcək.
Mətbuatın bu günə qədər gəldiyi yol çox ağır və şərəflidir. Bu yolda çox insanlar – müəlliflər, redaktorlar, sənət adamları, fotojurnalistlər – sözün azadlığı uğrunda çalışıblar. Onlardan biri də mənim atam – mərhum rejissor Oruc Qurbanov olub. O, “Haray” filmi ilə xalqımızın dərdinə səs verən, Azərbaycan mədəniyyətinə töhfə vermiş bir sənətkar idi. Heydər Əliyev tərəfindən fəxri adla təltif olunması onun sənətinə verilən ən böyük qiymət idi. Mən də bu gün onun sənətinə və sözün gücünə sadiq qalaraq media sahəsində fəaliyyətimi davam etdirirəm.
150 il əvvəl Həsən bəy Zərdabi necə ki, sözün gücünə inanaraq “Əkinçi”ni yaratdı, bu gün də biz – yeni dövrün media adamları – sözün və informasiyanın cəmiyyətə fayda verməsi üçün çalışırıq. Texnologiya dəyişə bilər, formatlar yenilənə bilər, amma mətbuatın missiyası dəyişməzdir: doğru informasiya, dürüst mövqe və ictimai marağın qorunması.
Sonda bir daha Azərbaycan mətbuatının 150 illik yubileyini qeyd edir, bu yolda çalışan bütün qələm sahiblərinə uğurlar arzulayıram. Sözümüz hər zaman doğrunun yanında olsun!