Lənkəran rayonunun Girdəni kənd həkim məntəqəsi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Sizinxeber.az Baku TV-yə istinadən verir.
75 il öncə tikilən bina elə bir vəziyyətdədir ki, həkimlər özləri də burada işləməkdən ehtiyat edirlər.
Sakinlər deyirlər ki, məntəqənin binası təhlükəli vəziyyətdədir. Hazırda onun əsaslı şəkildə təmir edilməsinə və ya yerində müasir binanın tikilməsinə ehtiyac var.
Məntəqə bir neçə kəndin əhalisinə xidmət edir. Qonşu İstisu, Havzava, Separadi və digər kəndlərdən təqribi 7 min insan bu məntəqənin xidmətlərindən istifadə edir. Məntəqənin bu vəziyyətdə olması isə onların işlərini xeyli çətinləşdirir.
Məsələ ilə bağlı TƏBİB-in şöbə müdiri Zamirə Ədilova bildirib ki, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar aparılan islahatlar çərçivəsində rayon Mərkəzi xəstəxanalarının strukturunda, o cümlədən ilkin səhiyyə xidmətinin strukturunda təkmilləşdirmə işləri aparılır. Bunun da nəticəsində poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri yaradılıb. Eyni zamanda ailə həkimi modelinin tətbiqinə başlanılıb.
“2022-2024-cü illəri əhatə edən plan çərçivəsində ailə sağlamlıq mərkəzlərinin sayının artırılması, yeni ilkin səhiyyə müəssisələrinin tikilməsi və təmiri, kadrlarla təminatın yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir”, – deyə Zamirə Ədilova əlavə edib.
Qeyd edək ki, Girdəni kənd həkim məntəqəsi 1948-ci ildə tikilib, 1964-cü ildən kənd xəstəxanası kimi fəaliyyət göstərib. 2010-cu ildə isə xəstəxana ləğv olunaraq yenidən həkim məntəqəsi kimi fəaliyyətini davam etdirir.

Lənkəranın Girdəni kənd həkim məntəqəsinin binası yararsız vəziyyətdədir
Sizinxeber.Az