Sizinxeber.az – Azərbaycan Xəbərləri

Nəriman Həsənzadə: Onda “Oskar”ı da ləğv etsinlər – MÜSAHİBƏ

Nəriman Həsənzadə: Onda “Oskar”ı da ləğv etsinlər – MÜSAHİBƏ
6 dəfə Baxılıb
24 Mart 2019 - 20:38

Nəriman Həsənzadə: Onda “Oskar”ı da ləğv etsinlər – MÜSAHİBƏ
Oxu.Az-ın müxbirinin suallarını “Şərəf” ordenli Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə cavablandırır:
– Nəriman müəllim, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdü və bu görüşlə bağlı müzakirələr, dəyərləndirmələr hələ də davam etməkdədir. Bir ziyalı, bir söz adamı kimi siz bu görüş barədə nə deyərdiniz?
– Ölkə prezidenti İlham Əliyev böyük şəxsiyyət Heydər Əliyev kursunu çox ləyaqətlə davam etdirir. O, bizim gözümüzün qabağında böyüyüb.
Heydər Əliyev hər zaman yaradıcı ziyalılarla bir oturub, dururdu, o zamanlar İlham Əliyevi də özü ilə bütün tədbirlərə, görüşlərə  gətirər, onu da səfərlərə aparardı. Mən özüm də həmin görüşlərin, səfərlərin iştirakçısı kimi bunun dəfələrlə şahidi olmuşam. İlham Əliyev hər zaman yaradıcı insanların əhatəsində olub.
Odur ki, 16 illik hakimiyyəti dövründə də Heydər Əliyev kursuna sadiq qalaraq, o kursu çox uğurla, çox ləyaqətlə davam etdirərək, hər bir sahənin, o cümlədən, mədəniyyət, incəsənət, sənət, ədəbiyyat aləminin inkişafına böyük diqqət və qayğı göstərib. Hər zaman ədəbiyyat, mədəniyyət, incəsənət adamlarına xüsusi sevgi və məhəbbətlə yanaşıb.
Özü də şahidsiniz ki, son 16 ildə, həmçinin, axır bir neçə ay ərzində hansı addımlar atılır. Mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşdən dərhal sonra orada səsləndirilən fikirlərin, təkliflərin nəzərə alınması istiqamətində dərhal bir sıra addımlar atıldı.
Ölkə prezidenti istər kinomuzun inkişafı, istər yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı ardıcıl fərman və sərəncamlar imzalandı, yaradıcı qurumlara maliyyə vəsaiti ayırdı.

Həmçinin, Yazıçılar Birliyinə aid olan qəzet və jurnallara maddi dəstək verilməkdədir.
Ölkə prezidenti mədəniyyət xadimləri görüşündə onu da dedi ki, bu, sonuncu olmayacaq, növbəti mərhələlərdə də görüşlər keçiriləcək, yəni, onun çox gözəl və çox böyük məqsədləri var. Bu, onu bir daha göstərir ki, dövlət başçısı daim Azərbaycan mədəniyyətinin yanındadır, bu sahənin inkişafı hər zaman  onun diqqət mərkəzindədir.
Ümumiyyətlə, İlham Əliyev hamını şəxsən bir-bir tanıyır, yüksək qiymətləndirir. Odur ki,  onun istər 16 illik fəaliyyəti, istərsə də, son bir neçə aydakı addımları ancaq və ancaq alqışa layiqdir. Ona uğur diləyirəm, müvəffəqiyyətlər arzulayıram.
– Yeri gəlmişkən, AYB ilə də hər zaman müxtəlif fikirlər səslənməkdədir. Bəziləri həmin birliyin ləğvini dilə gətirir, onun yaradıcılıq azadlığına əngəl olduğunu iddia edir, sovetlərin qalığı adlandırırarlar…

– AYB-nin və ya digər yaradıcılıq təşkilatlarının ləğv olunmasının kimə axı, nə faydası olacaq? Tutaq ki, ləğv olundu, bəs sonra? Mən hesab edirəm ki, Yazıçılar Birliyi qalmalı, qorunub, saxlanılmalı, yaşadılmalıdır.
Onun kimsəyə bir maneçiliyi yoxdur. Sovetlərdən qalan hər şey pis ola bilməz, axı?! Sovetlər dövründə də yaxşı şeylər olub…
Yazıçılarımız, şairlərimiz çoxu sovetlər dövründə formalaşıblar. Onların indi hamısının üstündən xətt çəkək?  Bu, düzgün olmaz.
Mən bunu qəbul etmirəm. Alternativ qurumlar da ola bilər, kim onlara nə deyir ki?! Hətta, Yazıçılar Birliyinin  özündə bir neçə təşkilat, şöbə var, gənclər təşkilatından  tutmuş Ağsaqqallar Şurasına kimi.
Bunlar elə-belə qurumlar, şöbələr deyil. Mən özüm Ağsaqqallar Şurasının sədriyəm. Bu, çox gözəl bir şuradır, orada çox gözəl ədəbiyyat insanlarımız cəmləşib, onun tez-tez toplantıları, tədbirləri olur və nəticə etibarı ilə ədəbiyyatımıza xidmət edir.
Bunlar olmasa, onda nə olar? Hər şey başlı-başınamı qalsın?
Əksinə, Yazıçılar Birliyini yaşatmaq lazımdır. Yadınıza gəlirsə, bir zamanlar Milli Elmlər Akademiyasını da ləğv etmək, bağlamaq istəyirdilər.
Bununla da bağlı çağırışlar edilirdi. Deyirdilər ki, Elmlər Akademiyası, filan təşkilat axı, nəyə lazımdır, filan…
Bunlar hamısı lazımsız sözlər və işlər idi. Ona görə hesab edirəm ki, Yazıçılar Birliyi də daxil olmaqla, digər yaradıcılıq təşkilatları yaşadılmalıdır.
– Nəriman müəllim, eyni zamanda, tez-tez fəxri adların, titulların, dövlət mükafatlarının da ləğvi məsələsi gündəmə gətilir.
Belə bir iddia irəli sürülür ki, titullar, fəxri adlar, mükafatlar yaradıcı, ziyalı insanları dövlətdən, hakimiyyətlərdən asılı vəziyyətə salır. Siz bu iddiaları necə dəyərləndirirsiniz?
– Hər yerdə stimul var və olmalıdır.

Məsələn, ABŞ-da illərdir “Oskar” mükafatları verilir, təqdim edilir. Pisdirsə, lazım deyilsə, onda onu da ləğv etsinlər də?  Bilirsiniz, hər halda fəxri adlar, titullar bir stimuldur, sənətçiyə qiymət verilməlidir.
Ona qalsa, hamısını ləğv etmək olar. Ancaq nə üçün? Onun yaxşı tərəfini tutub, qaldırmaq lazımdır.
Ləğv edib, hara gedəcəyik, nə edəcəyik? Və yaxud, yeni nə təklif edirlər? Əlbəttə, müxtəlif fikirlər, fərqli yanaşmalar ola bilər, bu, təbiidir.
Kimsənin də buna etirazı yoxdur, kimsə də deyə bilməz ki, yalnız o deyən olmalıdır. O elə fikirləşir, qoy elə də fikirləşsin, amma yaxşı hansıdır onu götürmək lazımdır…
– Son illər əsl ədəbiyyat nümunələri yaranırmı?  “50-cilər”, “60-cılar” nəslinin davamı, davamçıları gəlirmi, varmı?
– Bu gün elə bir gözəl gənclik yetişir ki, sevinməyə bilmirsən. Onların hətta,  bir neçəsi haqda məqalə də yazmışam, müsbət fikirlərimi də söyləmişəm.
Onların gözəl yaradıcılığı var.  Yəni, ədəbiyyata gələnlər arasında çox gözəl gənc şair və yazıçılarımız var.

Onu da deyim ki, biz məsələn, Xocalı qırğını, dəhşəti haqda hələ tam dolğun, gözəl bir əsər ortaya qoya bilməmişik. Ancaq tələsmək lazım deyil. Məsələn, 1812-ci il müharibəsindən xeyli keçəndən sonra  böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh” romanını yazdı.
Yəni, istər-istəməz hadisələrinin üstündən bir müddət keçəndən sonra daha gözələ əsərlər yarana bilər və yaranır. Həm də ədəbiyyat elə bir sahədir ki, orada göstərişlə, tapşırıqla iş görmək, nəticə əldə etmək olmaz.
Hansı münasibdirsə, lazımdırsa, o, zamanı, məqamı çatanda olacaq. İstedad olan yerdə, hər şey var və olacaq. Sverdlovun belə bir sözü var ki, istedadsız onsuz da özünə yol açacaq,  çalışıb istedadlıya yol açmaq lazımdır.
Amma yenə deyirəm, mütləq heç nə yoxdur, hər şey nisbidir.
Kamil HƏMZƏOĞLU

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]