Yurdumuza qayıtmağa çox sevinirik.
Bu sözləri "Report"a Şuşanın Böyük Qaladərəsi kəndinin sakini, keçmiş məcburi köçkün Səyyarə Xanəliyeva deyib.
O, bildirib ki, həyatının ən gözəl günlərindən birini yaşayır: "Şuşanı həyat yoldaşım, dörd övladımla tərk etməyə məcbur olmuşdum. Böyük Qaladərəsi kəndini tərk edəndə ortancıl oğlum Zaurun 5 yaşı vardı. İndi öz ailəsi ilə yurdumuza yola düşür.
Fəxr edirik. Övladlarım qürur hissi keçirirlər. Hökumətimiz sağ olsun ki, bizə bu sevinci bəxş etdi, hərtərəfli şərait yaratdı. Sevincimizin hüdudu yoxdur.
Ordumuzla fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Biz də şəhid ailəsiyik, atam müharibədə şəhid olub. Allah bütün qazilərimizə can sağlığı versin".
Qeyd edək ki, bu gün Şuşa, Xankəndi, Xocavənd, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınacaq. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə - 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə - 15 nəfər, Şükürbəyliyə 7 ailə - 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə - 14 nəfər, Ballıcaya 2 ailə - 7 nəfər, Badaraya 2 ailə - 5 nəfər, Xanabada 2 ailə - 5 nəfər, Həsənrizə 13 ailə - 53 nəfər, Çıldırana 13 ailə - 53 nəfər, Vəngliyə isə 4 ailə - 23 nəfər köçürüləcək.