Azərbaycanda "yaşıl enerji"yə əsaslanan rəqəmsal dəhlizlərin inkişafının üstünlükləri açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
19:00
0
0
4 352

Azərbaycanda "yaşıl enerji"yə əsaslanan rəqəmsal dəhlizlərin inkişafının üstünlükləri açıqlanıb

03 in, 2025
19:00
4 352

Azərbaycanda "yaşıl enerji"yə əsaslanan rəqəmsal dəhlizlərin inkişafının üstünlükləri açıqlanıb

"Yaşıl dəhliz" enerji xətləri boyunca fiber-optik kabel xətlərinin çəkilməsi əhəmiyyətli sinerji effektlər yaradır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

"Əsas üstünlüklərdən biri odur ki, fiber-optik xətlərin və "yaşıl enerji" ötürmə sistemlərinin birgə yerləşdirilməsi infrastrukturun idarə edilməsinin səmərəliliyini artırır – bu, xüsusilə real vaxt rejimində monitorinq və proqnozlaşdırıcı xidmət hesabına mümkündür. Bu, nasazlıqları daha tez aşkar etməyə və mümkün qəzalara daha operativ reaksiya verməyə imkan verir", - o qeyd edib.

S.Məmmədov belə inteqrasiyanın əhəmiyyətinin energetika çərçivəsindən kənara çıxdığını vurğulayıb.

"Söhbət rəqəmsal "yaşıl dəhliz"in yaradılmasından gedir. Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra Gürcüstan, Rumıniya və Macarıstanla birləşdirən marşrut boyunca keçən fiber-optik infrastruktur ölkələr arasında internet bağlantısının və məlumatın ötürülmə keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu da öz növbəsində rəqəmsal iqtisadiyyatın, regional əməkdaşlığın inkişafına töhfə verir və transsərhəd kommunikasiyaları stimullaşdırır", - nazir müavini əlavə edib.

O qeyd edib ki, son illərdə Azərbaycan daxili fiber-optik şəbəkənin inkişafına böyük məbləğdə investisiyalar yatırıb.

"Bu gün ölkənin demək olar ki, bütün ərazisi fiber-optik infrastrukturla əhatə olunub. Növbəti addım regional rəqəmsal dəhlizlərə inteqrasiya olmaqdır. Bu, təkcə siyasi və ya iqtisadi səviyyədə deyil, həm də vətəndaşlar üçün gündəlik fayda gətirəcək, biznes, yeni iş yerlərinin yaradılması, məsafədən məşğulluq və rəqəmsal xidmətlərin inkişaf imkanlarını genişləndirəcək", - o vurğulayıb.

S.Məmmədovun sözlərinə görə, ölkədə artıq bir neçə "Tier III" səviyyəli data mərkəzi fəaliyyət göstərir və hazırda yeni obyektlərin tikintisi həyata keçirilir.

"Əminəm ki, "yaşıl enerji"yə əsaslanan rəqəmsal dəhlizlərin inkişafı data mərkəzlərinin sayının artması üçün katalizator rolunu oynayacaq. Bu, şübhəsiz ki, Azərbaycanın iqtisadi inkişafı üçün əlavə stimul olacaq", - S.Məmmədov vurğulayıb.

Bizimlə əlaqə saxlayın