
Aleksey Borodin: "Azərbaycanın coğrafi mövqeyi və müasir infrastrukturu regionda inkişaf üçün əsas platformadır"

Aleksey Borodin: "Azərbaycanın coğrafi mövqeyi və müasir infrastrukturu regionda inkişaf üçün əsas platformadır"
Azərbaycanın coğrafi yerləşməsi və müasir infrastrukturu regionda əlavə inkişaf nöqtələrinin formalaşmasında mühüm rol oynayır.
“Report” xəbər verir ki, bunu MDB ölkələri üzrə Regional Rabitə Birliyinin Baş direktoru Aleksey Borodin Bakıda keçirilən “Poçt Liderləri Forumu”nda deyib.
“Bu, əsasən iki amillə bağlıdır. Birincisi, daşımaların, poçt göndərişlərinin və rəqəmsal maliyyə xidmətlərinin həcmi artır. İkincisi, dövlətlər arasında pulköçürmələrinin artması müşahidə olunur”, - deyə o bildirib.
A.Borodinin sözlərinə görə, bu proseslər təkcə Azərbaycanın iqtisadi potensialını gücləndirmir, eyni zamanda regionun logistik və rəqəmsal maliyyə xidmətləri baxımından cəlbediciliyini də artırır:
“Azərbaycan coğrafi mövqeyinə görə mühüm logistik mərkəzlərdən və marşrutlardan biri kimi çıxış edir. Hesab edirəm ki, ölkənin əlverişli coğrafi mövqeyi, müasir logistik imkanları və tətbiq olunan innovativ xidmətlər regionda inkişaf üçün əsas çıxış nöqtələrindəndir. Bu, yalnız alternativ deyil, eyni zamanda əlavə marşrutların da formalaşmasına şərait yaradacaq”.
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu” 13-15 may tarixlərində Bakıda keçirilib.
Tədbirin üçüncü günündə Avropa və MDB regionundan olan 30-dan çox ölkənin poçt xidmətləri, texnologiya və e-ticarət sahələrini təmsil edən 150-dən çox yüksək səviyyəli nümayəndənin iştirakı ilə poçt sektorunun transformasiyası, qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab tədbirləri ətrafında müzakirələr aparılıb.