Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. Daha sonra o, DTSERA-nın əməkdaşına hücum edib.
Nəticədə Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.
***
Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma başladılıb və N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb:
“Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.