Sizin Reklamınız Burada ola bilər!
featured

Haqqını halal et, Səbuhi…

Üzrxahlıq anlayışı insana xas duyğudur, daxilində vicdani peşmanlıq hissi yaşayan hər bir insan dilinə “üzrlü sayın”, ya da “üzr istəyirəm” ifadəsini zaman-zaman gətirər. Bu ifadəni dəyərli edən ən önəmli amil, həmin sözün içdən gələn peşmanlığa, vicdani narahatlığa dayanmasıdır. Ona görə də, biri etdiyi səhvə görə üzrxahlıq edəndə, çox zaman böyüklük edib, üzrünü qəbul edirik və hərdən elə özümüz də həmin situasiya ilə üz-üzə qalırıq.

 

Ancaq bir neçə ildir ki, üzr istəmə mədəniyyəti yaşadığımız cəmiyyətdə, xüsusilə də bir sıra qurumlarda vicdani yanaşmadan vizual görüntüyə keçib, peşmanlıqdan əyləncə mexanizminə çevrilib. Bu günə qədər “üzr videosu” yayımlanan hər kəs demək olar ki, onu qismən də olsa, haqq etmişdi, baxmayaraq ki, bu, qanundankənar cəzalandırma üsulu sayılsa da. İndi kimsə buna “cəza” deyə bilməz, ona görə ki, üzr istəyən həmin şəxs bunu “könüllü” olaraq edir. Yəni vicdanı rahat deyil və düşünür ki, o, 10 milyon insan önünə çıxıb, marketdə cipsi paketini partlatdığına, yaxud avtobusda sürücü ilə mübahisə etdiyinə, ya da maskasız gəzdiyinə görə üzr istəməsə, Allah onu cənnətinə qəbul etməyəcək, ya da hüquq-mühafizə orqanlarımız ondan bərk inciyəcək.

Bu günədək maska taxmayanından tutmuş, çimərlikdə xanımlara qarşı nalayiq ifadələr işlədənlərin üzr videolarını anladıq, bir qədər də güldük, məzələndik, “yaxşı oldu” deyib, hələ bir özümüz də necə deyərlər, “üstünə” qoyduq. Gördülər ki, işə yarayan taktikadır, başladılar bir ucdan üzr videolarına. Daha bilmədik, hüquq-mühafizə orqanıdır, yoxsa rejissorluq məktəbi. Hər yayımlanana güldük, əyləncə vasitəsinə çevirdik. Ancaq ötən gün elə bir video yayımlandı ki, ona “üzr videosu” demək olmasa da, elə üzrdən də betər təsir bağışladı.

Söhbət kimsəsiz uşaqlar evində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənanın 46 saniyəlik çıxışından gedir. Hansı ki, bir neçə gün öncə “Səbuhini “Komando” bölüyünə götürmək üçün 6000 manat rüşvət istədilər, bankdan kredit götürüb verdi ki, komando olsun. Keçdi bölüyə ki, maaşı ikiqat olsun, bu da bu, 3 gündən sonra şəhid oldu”,– deyə bir açıqlama vermişdi. Bu dəfə isə kamera arxasına keçərək, ya da keçirilərək, bu çıxışına görə narahatlığını dilə gətirib: “…Bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.

Bu günə kimi olan “üzr video”larından fərqli olaraq, bu görüntülərə gülə bilmirik. Çünki heç kim təsəvvür etməzdi ki, nə vaxtsa hansısa bir şəhidin qardaşı kamera önündə boynunu bükərək, üzündə kədər və çarəsizlik ifadələri ilə “səhvi”ni boynuna alacaq. Daha nə qədər səhvdir, kimə və nəyə görə səhvdir, bunun müzakirəsini aparmıram, mənası da yoxdur. Fakt ölkəmizdə şəhidin də qardaşı “səhvi”ni boynuna aldı, daha bundan sonra sözlər əbəsdir.

P.S. Rəhmətlik Səbuhidən öz adıma üzr istəyirəm: Səbuhi, kimsəsizlər evində böyüdün, kimsəsiz olmağına baxmayaraq, himnimizi də, bayrağımızı da, elə Vətənimizi də valideyni, “adamı”, arxa-dayağı olanlardan daha möhkəm mənimsədin, sahibləndin, haqqını artıqlaması ilə verdin. Dünyaya səssiz gəldin, səssiz də getdin. Səndən geriyə bir 7 yaşında səsləndirdiyin himnin görüntüləri qaldı, bir də boynu bükük qardaşın. Uca Yaradan bizə oxuduğun o himnə də, qardaşına da arxa-dayaq duracaq o təpəri versin. Haqqını halal et!

Mətin Şükürlü, Bizimyol.info

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Haqqını halal et, Səbuhi…

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica