

Xankəndidə daha bir ilk: 50 abituriyent Qarabağ Universitetində qəbul imtahanı verib - REPORTAJ
İşğaldan azad olunan ərazilərdə məskunlaşmış abituriyentlər üçün Xankəndidə daha bir ilk yaşandı. Belə ki, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III ixtisas qrupları üzrə respublikanın 24 şəhər və rayonunda qəbul imtahanları keçirdi. Həmin şəhərlərdən biri də Xankəndidir. Bu, işğaldan azad edilən bölgələrdə keçirilən ilk qəbul imtahanı idi.
Mənimlə yanaşı, 50 abituriyent üçün təlaşlı və həyəcanlı bir gün olsa da, Xankəndidə yaşanan bu ilk bizə qurur verirdi.
2023-cü ildə işğaldan azad olunandan etibarən Xankəndi günü-gündən daha da gözəlləşir, düşmən tapdağını quruculuq izləri əvəzləyir.
Xankəndidə təhsil mühitinin yaradılması, bu sahənin inkişafı elə ilk vaxtlardan prioritet olub. Bu baxımdan, bərpa-quruculuq işləri çərçivəsində ilk açılan təhsil müəssisələrindən biri Qarabağ Universiteti olub. Azad olunmuş ərazilərdə məskunlaşmış abituriyentlər üçün imtahanlar da məhz Qarabağ Universitetində təşkil edilib. Burada keçirilən imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər. Eyni zamanda Füzulidə M.Uluqbəy adına məktəb, Cəbrayılda M.Mehdizadə adına məktəb və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində veriblər.
Saat 10:00-da imtahana start veriləcəkdi. Abituriyentlər binaya yaxınlaşır, şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim edir və yoxlanışdan sonra imtahan verəcəkləri otağa yönəldilirlər. Artıq saat 09:45-dir və binaya buraxılış başa çatır. Bir qədər sonra isə Qarabağ Universitetinə səssizlik çökür. Bu, artıq imtahanın başladığını göstərirdi.
Yaranmış sükutdan istifadə edərək universitetin həyətində övladlarını həyəcanla gözləyən valideynlərlə söhbətləşirik. Hamısının söylədiyi ilk cümlələr şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıq, qazilərə cansağlığı arzulamaqdan bəhs edirdi.
Övladını səbirsizliklə gözləyən valideynlərin keçirdikləri hissləri, həyəcanı təsəvvür etmək elə də çətin deyildi. Şübhəsiz, imtahanın Xankəndi şəhərində və xüsusilə, Qarabağ Universitetində keçirilməsi onların məsuliyyət və həyəcanını bir qədər də artırmışdı.
İlk müsahibim Şuşa sakini, valideyn Bəsti İbrahimovadır. Oğlu Teymur Süleymanzadənin Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdən məzun olduğunu və II qrup üzrə imtahan verdiyini bildirir. Dediyinə görə, övladı da heç vaxt olmadığı qədər həyəcanlı imiş:
“Həyəcandan səhərə qədər yatmamışıq. Qarabağ Universitetində imtahan olacağını bildikdə çox sevinmişdik. Çox istərdik ki, Teymur ali təhsilini məhz bu təhsil ocağında alsın. Həm gediş-gəliş rahat olar, həm də qonşumuzun övladları buranın təhsil sistemini çox tərifləyirlər. İnanıram ki, oğlum imtahanda yaxşı nəticə göstərəcək”.
Azad olunan digər ərazilərdə məskunlaşan digər valideynlər də sevinc və qürur hissləri ilə bütün abituriyentlərə uğur arzuladılar...
Nəhayət, imtahan üçün nəzərdə tutulan vaxt bitir və abituriyentlər üzlərində gülüş yavaş-yavaş binanı tərk edirlər.
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi, imtahan rəhbəri Aliyə Əliyeva məruzə edir ki, bu gün ölkədə II ixtisas qrupu üzrə imtahanda 25 min 961, III ixtisas qrupu üzrə imtahanda isə 28 min 286 nəfər olmaqla, ümumilikdə 54 min 247 abituriyentin iştirakı nəzərdə tutulub.
Onun sözlərinə görə, ilk dəfə Xankəndi şəhəri Qarabağ Universitetində keçirilən qəbul imtahanı zamanı hər hansı qayda pozuntusuna rast gəlinməyib.
DİM rəsmisi qeyd edir ki, universitetdə imtahan iştirakçılarına öz bilik səviyyələrini nümayiş etdirmələri üçün bütün zəruri şərait yaradılıb, abituriyentlərin imtahanda iştirakı da qənaətbəxş olub:
“İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 5 nəzarətçi və 1 bina nümayəndəsi cəlb olunub. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın iki-üç həftə ərzində elan olunması nəzərdə tutulur”.
A.Əliyeva, həmçinin xatırladır ki, 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanılıb. İlk buraxılış imtahanı da Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib.
Daha sonra imtahandan yenicə çıxan abituriyentlərin təəssüratlarını öyrənməyə tələsirik.
III ixtisas qrupu üzrə imtahan verən abituriyent Aylin İbadova Xankəndidə zabit kimi fəaliyyət göstərən hərbçinin yoldaşı olduğunu bildirir:
“İmtahan çox rahat keçdi, suallar asan idi. Ümumilikdə, hər şey qaydasında idi. Bu səbəbdən imtahan nəticələrindən gözləntim yüksəkdir. Çox istərdim ki, imtahan verdiyim Qarabağ Universitetində ali təhsilimi davam etdirim. Çünki burada tarix yazılıb, biz ilk qəbul imtahanının iştirakçısıyıq. Mən də bu tarixin bir parçası olmaq istəyərəm. Burada təhsil almaq mənim üçün fəxr hissi olar".
Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin məzunu olan abituriyent Əli Mahmudov da imtahan suallarının elə də çətin olmadığını və yaxşı yazdığını deyir:
“Əvvəl çox həyəcanlı idim, sualları görəndən sonra anladım ki, bu qədər həyəcan keçirməyə dəyməzmiş. İmtahandan gözləntim yüksəkdir”.
O, universitetə qəbul olacağı təqdirdə ali təhsilini Bakıda davam etdirmək istədiyini ildirir.
Digər imtahan iştirakçısı Əlizamin Quliyev isə Cəbrayılda yerləşən M.Mehdizadə adına məktəbin məzunudur.
“Qəbul imtahanımı Qarabağ Universitetdə verdiyim üçün böyük fəxr hissi keçirirəm. Burada ilk dəfə imtahan verənlər arasında olmaq qürurvericidir. Arzu edirəm ki, tələbə adını qazanıb elə burada da təhsilimi davam etdirim”.
Beləliklə, Xankəndidə ilk dəfə keçirilən qəbul imtahanı yekunlaşır. Mənim də Xankəndiyə ilk səfərim olduğundan elə abituriyentlər qədər eyni hiss və həyəcanla Qarabağdan ayrılıram. Yolboyu isə düşünürəm; biz Azərbaycan xalqı olaraq ən çətin imtahanımızı 2020-ci ildə - 44 günlük Vətən Müharibəsində vermişik və ən yüksək balı toplamışıq. Bundan sonrakı sınaqlardan da üzüağ çıxmaq ümidilə...
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
Qarabağ Universitetində imtahan verən hərbçi yoldaşı olan abituriyent: Tarixin bir parçası olmaq fəxrdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
