DİM: Doktorantura üzrə xarici dil imtahanlarında səsləndirmə ilə bağlı problem olmayıb
sizinxeber.az xəbər saytı

DİM: Doktorantura üzrə xarici dil imtahanlarında səsləndirmə ilə bağlı problem olmayıb


Dövlət İmtahan Mərkəzi dünən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanında dinləmədə problemlər yaranması iddialarına cavab verib.

Mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, DİM-in doktorantura üzrə keçirilən xarici dil imtahanlarının məqsədi beynəlxalq səviyyədə qəbul edilmiş dil bilikləri meyarlarına uyğun olaraq namizədlərin xarici dil bacarıqlarını ölçməkdir.

"DİM tərəfindən keçirilən ingilis dili imtahanı CEFR (Common European Framework of Reference for Languages) standartlarına əsaslanaraq hazırlanır və bu tapşırıq materialları B2 və daha yuxarı səviyyədə dil biliyi tələb edir. Bu səviyyə, beynəlxalq dil biliyinin qiymətləndirilməsi sisteminə uyğun olaraq, ümumi dil bacarığı ilə yanaşı, akademik və elmi mətnləri başa düşmək və müəyyən elmi fəaliyyətlərdə dil bacarığını tətbiq etməyi hədəfləyir. Bu, sırf gündəlik dil istifadəsi yox, yüksək akademik tələblərə cavab verən bilik səviyyəsini nəzərdə tutur.İmtahanların beynəlxalq norma və prinsiplər əsasında keçirilməsi vacibdir və bu prinsiplərə uyğun olaraq, imtahanda təqdim edilən materiallar CEFR beynəlxalq dil səviyyələri çərçivəsində təhlil edilib və müvafiq olaraq tələb olunan səviyyəyə uyğunluğu təsdiq edilmişdir".

Qurumdan iştirakçılar tərəfindən səsləndirilən narazılıqlarla bağlı bildirilib ki, esse bölməsində təqdim olunan mövzular xüsusi ixtisaslaşma və texniki bilik tələb etməyən, gündəlik həyatla bağlı, müzakirəsi və işlənməsi rahat olan mövzulardır: "Bu mövzular əsasən ümumi dünyagörüşü və arqumentasiya bacarıqlarını yoxlamağa yönəlib və dil səviyyəsini obyektiv qiymətləndirməyə xidmət edir".

Dinləmə mətnləri ilə bağlı vurğulanıb ki, iştirakçıdan müəyyən bir bacarıq tələb edilir: "Mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. Bəzən iştirakçıların bu bacarığı lazımi səviyyədə olmur və onlar belə hesab edirlər ki, anlaşılmazlığın səbəbi səslə bağlıdır. Ancaq belə deyil, çünki səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur, həmçinin itirilmiş zaman nəzərə alınır və iştirakçılara əlavə vaxt da verilir. Bütün bunlar imtahan zamanı həll oluna bilən məsələlərdir".

Oxşar xəbərlər

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
Bu gün doktorantura və dissertantura səviyyəsində imtahan keçiriləcək
Azərbaycan dili bacarıqlarının ölçülməsi üzrə yeni imtahan modeli hazırlanıb
Xaricdə doktorantura təhsili ilə bağlı meyarlar müəyyənləşib
İki mindən çox şəxs doktorantura və dissertantura üzrə imtahan verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər