
Əfv sərəncamı Naxçıvanda icra olunub - FOTO

Əfv sərəncamı Naxçıvanda icra olunub - FOTO
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Naxçıvan Muxtar Respublikasında da icra olunub.
APA-nın yerli bürosu xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən bir nəfər məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Bu münasibətlə cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Tədbirdə Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Sərəncamın əhəmiyyətinə toxunaraq bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası və gələcək azadlıq həyatlarını islah olunmuş şəkildə qurması üçün mütəmadi tədbirlər həyata keçirilir.
Cəza müddəti azaldılan Fərid İbrahimli deyib ki, bu fürsəti həyatının dönüş nöqtəsi hesab edir. O, bir neçə il öncə yol hərəkəti qaydalarını pozaraq qəza törətdiyi üçün azadlıqdan məhrum edildiyini bildirib: "Ədalət qarşısında cavab verdim. Həyatımın ən ağır dərslərindən birini aldım. Əfv sərəncamı mənim üçün böyük fürsətdir. Cənab Prezidentə bu humanist qərarına görə təşəkkür edirəm. Artıq keçmişi arxada qoyub ailəmə, cəmiyyətə faydalı bir insan kimi yaşamağa qərarlıyım”.