
İdarə rəisi: Əsas məqsəd azad olunmuş ərazilərdə hüquqi və institusional mexanizmləri gücləndirməkdir

İdarə rəisi: Əsas məqsəd azad olunmuş ərazilərdə hüquqi və institusional mexanizmləri gücləndirməkdir
"Baş Prokurorluq olaraq əsas məqsədimiz işğaldan azad olunmuş bütün ərazilərdə hüquqi və institusional mexanizmləri gücləndirmək, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmininə töhfə verməkdir”.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Nemət Əvəzov deyib.
“Bu, şərəf məsələsidir və daim diqqət mərkəzindədir. Bu gün doğma Ağdamda, işğaldan azad olunmuş əziz torpağımızda “Konstutsiya və Suverenliyi – Hüquqi Dövlətin Təməli” adlı konfransın keçirilməsi bizim üçün həm hüquqi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan dövləti və bir vətəndaş olaraq belə bir tədbiri məhz bu torpaqlarda qeyd etməyimiz həm rəmzi məna daşıyır, həm də böyük qürur hissi yaradır”, N. Əvəzov bildirib.
O, vurğulayıb ki, prokurorluq orqanları, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğu suverenliklə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır: “Bu kontekstdə hər bir prokurorluq əməkdaşının üzərinə böyük vəzifələr düşür. Baş Prokurorluq olaraq bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq və bu prosesi gündəlik olaraq davam etdiririk. İşğaldan azad olunmuş hər qarış torpaq bizim üçün əziz və doğmadır. Bu səbəbdən Ağdamda, işğaldan azad olunmuş torpaqda suverenlik ili ilə bağlı tədbir keçirmək xüsusi məna daşıyır”.